"Bəzi şagirdlər qərəz ucbatından qırmızı attestat ala bilmir" - Ekspertdən NARAZILIQ

 12:58 22.06.2026     1039

Buraxılış imtahanında yüksək bal toplayan bəzi şagirdlər iddia edirlər ki, yüksək nəticə göstərmələrinə baxmayaraq, fənn müəllimləri onlara illik qiymət kimi "4" yazır və nəticədə qırmızı attestat almaq imkanlarını itirirlər.

Bəs bu məsələ qanunvericilikdə necə tənzimlənir? Buraxılış imtahanında yüksək nəticə göstərən şagirdə həmin fənn üzrə "4" qiyməti verilməsi hüquqi baxımdan doğrudurmu?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, buraxılış imtahanında 280 baldan yuxarı nəticə göstərən şagirdlər məktəbdə aparılan qiymətləndirmədən narazılıq edirlər:

"Çünki müəllimlər onların qiymətləndirilməsi zamanı 4 yazırlar, bəzi hallarda isə hətta 3 yazanlar da olur. Mənim fikrimcə, bu, birbaşa qərəz zəminində baş verir. Çox təəssüf ki, bəzi təhsilverənlər həmin şagirdlər onların yanında hazırlıq keçmədikləri üçün qiymətlərini bilərəkdən aşağı salırlar. Bu isə doğru deyil və ədalət prinsipinin pozulması deməkdir. İstisna hallarda şagirdin real biliyi məktəbdə aldığı 4 qiymətinə uyğun olur, amma o, buraxılış imtahanında daha uğurlu nəticə göstərir. Belə hallarda qiymətləndirmədə obyektivlik qorunur. Lakin bəzi hallarda, təəssüf ki, formal qiymətləndirmə ilə qarşılaşırıq və bu da doğru deyil. Məsələn, elə şagird olur ki, buraxılış imtahanında çox zəif nəticə göstərir, 15-20 bal toplayır, amma baxırsan ki, əlaçı kimi təqdim olunur. Bəs niyə? Hansı əsasla? Deməli, burada ya həmin şagirdi kimsə tapşırıb, ya məktəbdə onun hansısa qohumu çalışır, yaxud da valideyni məktəb rəhbərliyinə hansısa korrupsiya xarakterli təklif edib və buna görə də onun əlaçı olmasına göz yumulub. Belə hallar mövcuddur. Hesab edirəm ki, belə vəziyyətlərdə qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər barəsində tədbir görülməlidir".

Müsahibimiz vurğuladı ki, təhsil haqqında qanunvericilikdə və müvafiq qaydalarda müəyyən sərtləşdirmələrə ehtiyac var:

"Çünki şagirdlərdə bir növ arxayınlıq formalaşıb. Hətta 2 alan şagirdlər də sinifdən-sinfə keçirilirlər. Məsələn, 9-cu sinif buraxılış imtahanında iştirak edən şagirdlər arasında onlarla sıfır nəticə göstərən şagird var. Onların oxuyub-anlama və yazı bacarıqları formalaşmayıb. Yəni bəzi uşaqlar nə düzgün oxuya, nə də yaza bilirlər. Belə olan halda sual yaranır: onlar 9-cu sinfə qədər necə gəlib çatıblar? Bütün bunlar onu deməyə əsas verir ki, təhsil haqqında qanunvericilikdə və bu sahədə tətbiq olunan qaydalarda müəyyən sərtləşdirmələr aparılmalıdır. 2 alan şagirdin sinifdən-sinfə keçirilməsinə yol verilməməlidir, attestat formal şəkildə təqdim olunmamalıdır. Belə olduğu halda düşünürəm ki, şagirdlərin təhsil göstəriciləri yaxşılaşar, eyni zamanda onların məsuliyyəti də artar".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən