"Diplomun tanınmasında problemlər yarana bilər” - XƏBƏRDARLIQ

 14:57 22.06.2026     879

Son dövrlərdə xarici ölkələrdə təhsil alaraq Azərbaycana qayıdan vətəndaşların öz ixtisasları üzrə işlə təmin olunması məsələsi aktuallaşıb. Xaricdə əldə olunan bilik və təcrübənin ölkənin inkişafında istifadə olunması vacib hesab edilsə də, bəzi hallarda bu şəxslər diplomlarının tanınması, əmək bazarına uyğunlaşma və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə üzləşirlər.

Xaricdə təhsil alıb Azərbaycana qayıdan şəxslərin işlə təmin olunmasında əsas problemlər nələrdir?

AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Redaktor.az-a bildirdi ki, əsas problem diplomların tanınmaması ilə bağlıdır:

“Təbii ki, bu, diplomların tanınmaması ilə bağlıdır. Çünki əmək bazarı, istehsalat və ixtisas üzrə səriştəliliyi yoxlamaq üçün hüquqi sənəd kimi diplom tələb olunur. Bəzi diplomların tanınmamasının bir neçə səbəbi var. Birincisi, bəzi şəxslər xarici universitetlərdə distant formada təhsil alırlar. Bildiyimiz kimi, distant təhsil forması hüquqi parametrlərə görə ölkəmizdə tam olaraq tanınmır. Azərbaycanda əsasən iki təhsil forması tanınır: əyani və qiyabi təhsil. Lakin bəzi gənclər xarici universitetlərdə onlayn və distant formada təhsil alaraq diplom əldə edirlər və bu diplomların ölkədə keçərliliyi olmur. İkinci səbəb isə əyani təhsil alsalar belə, diplomların rəsmi prosedurlar zamanı tanınmaması ilə bağlıdır”.

Müsahibimiz qeyd etdi ki, bu məsələ Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən nostrifikasiya və akkreditasiya prosesləri zamanı müəyyən olunur:

“Diplomların tanınmamasının bir neçə səbəbi var: birincisi hüquqi və texniki prosedurlarla bağlıdır, ikincisi isə ixtisas üzrə biliklərin yetərsizliyi ilə əlaqədardır. Çünki akkreditasiya zamanı bu amillər yoxlanılır. Məsələn, bir şəxs iqtisadiyyat ixtisasını bitiribsə, onun həmin sahə üzrə bilikləri qiymətləndirilir. Əgər kifayət qədər bilik nümayiş etdirə bilmirsə, diplomun tanınmasında problemlər yarana bilər”.

Ekspertin fikrincə, son illərdə xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı vəziyyət xeyli yaxşılaşıb:

“Amma yenə də bəzi səhvlərə yol verilir. Məsələn, elə universitetlər var ki, onların diplomları Azərbaycanda tanınmır. İstər həmin universitetdə yüksək səviyyədə oxuyun, istərsə də yüksək nəticələr əldə edin, əgər diplom tanınmırsa, bunun başqa çıxış yolu olmur. Ona görə də xaricdə təhsil almağa getməzdən əvvəl Elm və Təhsil Nazirliyinin, eləcə də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin siyahısında universitetin etibarlılığını yoxlamaq lazımdır. Gənclər çox vaxt bunu yoxlamadan xaricdə təhsil alır və sonradan əmək bazarında müxtəlif çətinliklərlə qarşılaşırlar.”

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən