"5" alanların hamısı əlaçı deyil? - "Şagirdlərin qiymətləndirilməsi zamanı obyektivlik qorunmur"
Ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0–200 bal aralığında nəticə qazanıb. Onlardan 32 nəfəri isə ümumiyyətlə 0–100 bal aralığında nəticə göstərib. Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Maraqlıdır, necə olur ki, bu şagirdlər məktəbi əlaçı kimi bitirir, lakin imtahan nəticələri bu qədər aşağı olur?
Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin fikrincə, bu, onu deməyə əsas verir ki, məktəbdə qiymətləndirmə obyektiv həyata keçirilməyib:
"Digər statistikaya baxdıqda görürük ki, qiymətləri əsasən 3 və ya 4 olan şagirdlər var ki, onlar 500 bal və üzəri nəticə əldə ediblər. Bütün bunlar onu deməyə əsas verir ki, təhsil müəssisələrində şagirdlərin qiymətləndirilməsi zamanı obyektivlik qorunmur və formal, yaxud qərəzli qiymətlər yazılır. Şagirdlərin real bilikləri əsasında qiymətləndirmə aparılmalı olduğu halda, bəzi hallarda bu prinsip pozulur. Düzdür, bəzi statistik göstəricilər də var ki, 4-5 qiymət alan şagirdlərin təxminən 40-42 faizi qəbul imtahanlarında yüksək nəticə göstərə bilir. Lakin 513 şagirdlə bağlı ortaya çıxan bu göstərici artıq təhsil müəssisələrinin rəhbərlərini və müəllimləri düşündürməlidir və bu qiymətləndirmədə obyektivliyin təmin olunması üçün ciddi zərurət yaradır”.
Aytəkin TOFİQQIZI













