Məktəblərdə vahid qiymətləndirmə sistemi yaradılsın - Ekspertdən TƏKLİF
Dövlət İmtahan Mərkəzinin (DİM) hesabatına görə, ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0–200 bal aralığında nəticə göstərib. Onlardan 32 nəfəri isə ümumiyyətlə 0–100 bal aralığında nəticə əldə edib.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a bildirdi ki, bu iki prosesdə qiymətləndirmə meyarları fərqlənir:
"Məsələn, ümumi təhsil məktəblərində tətbiq olunan qiymətləndirmə meyarları qəbul zamanı, yəni buraxılış imtahanlarında istifadə edilən meyarlardan müəyyən qədər fərqlidir. Qəbul imtahanlarında məntiqi xarakterli suallar olur, həmçinin hazırlıq vəsaitlərində yer alan tapşırıqlara bənzər suallar da təqdim edilə bilər. Ona görə də bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, təkcə rəqəmlərə baxaraq şagirdlərin biliksiz olduğu qənaətinə gəlmək tam düzgün olmaz. Amma ümumilikdə şişirdilmiş qiymətlər də mövcuddur. Biz bilirik ki, bəzən qohumluq, dostluq və ya digər münasibətlər səbəbindən qiymətləndirmə zamanı müəyyən güzəştlər edilir və nəticədə belə hallar ortaya çıxır".
Müsahibimiz təklif edir ki, məktəblərdə vahid qiymətləndirmə sistemi yaradılsın:
"Həm ümumi təhsil məktəblərində, həm də buraxılış imtahanlarında vahid yanaşma tətbiq olunmalıdır. Təəssüf ki, fərqli yanaşmalar mövcud olduğu müddətdə belə hallarla qarşılaşacağıq. Bununla belə, mən bu məsələyə birmənalı yanaşmıram. Burada çoxlu amillər var. Məsələn, şagird nümunəvi davranışı və yaxşı davamiyyəti ilə seçilir və müəllim bunu yazılı və şifahi cavabların, eləcə də digər qiymətləndirmə formalarının nəticələrində nəzərə alaraq ona yüksək qiymət verir. Lakin həmin şagird buraxılış imtahanında bu nəticəni təkrarlaya bilmir. Bu kimi hallar kütləvi olmasa da, mövcuddur. Eyni zamanda, qeyd etdiyim digər amillər də var ki, müəllimlər tərəfindən qohumbazlıq, dostbazlıq və ya digər səbəblərlə qiymətlərin şişirdilməsi nəticədə belə halların yaranmasına səbəb ola bilir".
Xədicə BAXIŞLI













