“Hamını vahid geyimə məcbur etmək çətinliklər yarada bilər” - Müəllimlərin geyim məsələsinə REAKSİYA
"Ali təhsil müəssisələrində müəllimlər üçün vahid geyim qərarına ehtiyac yoxdur. Vahid geyim məsələsi ilə bağlı belə bir tələb dünyada mövcud deyil və bizdə də belə bir tələbin irəli sürülməsini doğru hesab etmirəm. Ən vacib məsələ odur ki, müəllimlər məktəbə, universitetə və ya instituta səliqəli şəkildə gəlsinlər, yəni səliqəli geyinsinlər. Hamını vahid geyimə məcbur etmək həm maddi, həm də digər baxımlardan müəyyən çətinliklər yarada bilər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi.
"Sadəcə nəzarət etməliyik ki, hər kəs müəyyən etik çərçivələrə əməl etsin və həmin çərçivələr daxilində məktəbə, ali məktəbə, universitetə və ya instituta dərsə gəlsin. Proses də məhz bu şəkildə getməlidir. Dünyanın əksər ölkələrində də yanaşma belədir. Amma hamını vahid geyimə keçirmək praktikası hələ ki, dünyada geniş yayılmayıb və düşünürəm ki, bu, kifayət qədər mürəkkəb məsələdir. Ona görə də əsas diqqət yetirilməli istiqamət məhz bu rejimin qorunması olmalıdır", - deyə millət vəkili yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI













