"Valideynlər bütün məsuliyyəti məktəbin üzərinə qoymağa çalışırlar" - ETN yanında İŞ-nin katibi

 13:20 23.06.2026     506

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, övlad tərbiyəsində əsas məsuliyyət valideynlərin üzərinə düşür və bu işi yalnız müəllimlərin öhdəsinə buraxmaq düzgün deyil. Onun sözlərinə görə, valideyn uşağın inkişafında fəal iştirak etməli, onunla vaxt keçirməli, dəyərlər aşılamalı və şəxsiyyət kimi formalaşmasına dəstək olmalıdır. Abbaszadə vurğulayıb ki, uşaqların məsuliyyətli, xoşbəxt və savadlı böyüməsi üçün valideyn diqqəti və sevgisi vacibdir. O, həmçinin qeyd edib ki, lazımi kitab və tədris materialları ilə təmin olunan şagirdlər repetitorsuz da qəbul imtahanlarında uğur qazana bilirlər və hər il belə nümunələrə rast gəlinir.

Bəs müasir valideynlərin uşaqlara münasibəti necədir və əslində necə olmalıdır?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a bölüşən Zəngilan şəhər 33 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova hesab edir ki, Məleykə Abbaszadənin fikrində çox ciddi həqiqət var:

"Uşağın təhsilində müəllimin rolu əvəzsizdir, amma tərbiyənin və şəxsiyyət formalaşmasının əsas təməli ailədə qoyulur. Heç bir müəllim gün ərzində uşağın yanında valideyn qədər olmur və onun davranışlarına, dəyərlərinə, xarakterinə valideyn qədər təsir göstərə bilmir.

Təəssüf ki, son illərdə bəzi valideynlər bütün məsuliyyəti məktəbin üzərinə qoymağa çalışırlar. Uşaq dərsdə zəif nəticə göstərirsə, davranış problemi varsa və ya oxumağa maraq göstərmirsə, bunun səbəbini yalnız məktəbdə axtarmaq düzgün deyil. Uşağın uğurlarında, həm də qarşılaşdığı çətinliklərdə ailənin rolu çox böyükdür. Dünya təcrübəsinə baxanda da görürük ki, təhsildə ən uğurlu nəticələr valideyn, müəllim və məktəb əməkdaşlığının güclü olduğu ölkələrdə əldə olunur.

Məsələn, Finlandiyada, Sinqapurda və bir sıra inkişaf etmiş ölkələrdə valideynlər övladlarının təhsil prosesində fəal iştirak edir, onlarla söhbət edir, birlikdə kitab oxuyur, maraqlarını izləyirlər. Orada məsələ təkcə dərsə nəzarət etmək deyil, uşağın emosional inkişafına dəstək olmaqdır".

Onun fikrincə, müasir valideyn ilk növbədə övladına vaxt ayırmalıdır.

"Uşağın bahalı kurslara və ya çoxsaylı repetitorlara getməsindən daha vacibi onun ailədə sevgi, diqqət və dəstək görməsidir. Uşaq özünü dəyərli hiss etdikdə, fikirlərinin dinlənildiyini gördükdə həm təhsildə, həm də həyatda daha uğurlu olur.

Repetitor məsələsinə gəldikdə isə, əlbəttə ki, əlavə hazırlıq bəzi hallarda faydalı ola bilər. Amma qəbul imtahanlarında yüksək nəticə göstərən və repetitorsuz uğur qazanan minlərlə şagird nümunəsi də var. Əsas məsələ uşağın düzgün motivasiya olunması, keyfiyyətli tədris materialları ilə təmin edilməsi və ailənin ona dəstək göstərməsidir.

Mən hesab edirəm ki, xoşbəxt, savadlı və məsuliyyətli bir gənc yetişdirmək üçün valideyn və müəllim bir-birini əvəz edən deyil, bir-birini tamamlayan tərəflər olmalıdırlar. Uşağın gələcəyi məhz bu əməkdaşlığın nə qədər sağlam qurulmasından asılıdır", - deyə G.Əkbərova vurğuladı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən