"Sertifikasiya imtahanına metodika ilə bağlı suallar salınmasın" - TƏKLİF
Elm və təhsil naziri Emin Əmrullayev sertifikasiya imtahanında iştirak edən müəllimlər haqqında danışarkən bildirib ki, öz fənni üzrə suallara cavab verə bilməyən müəllimlərin övladlarımıza dərs deməsi pis seçimdir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Cahid İmanlı bildirdi ki, nazirin dediyi fikirdə müəyyən həqiqət payı var.
"Düzdür, elə yaşlı nəsil nümayəndələri var ki, onların İKT bacarıqları zəifdir. Bu mümkündür. Həmçinin, həyəcan və ya müxtəlif sağlamlıq problemləri də ola bilər. Amma gəlin nəzərə alaq ki, imtahan birmərhələli proses deyil. Zəif nəticə göstərən, imtahandan keçə bilməyən müəllimlərə bir il vaxt verilir ki, növbəti il yenidən iştirak edib nəticələrini yaxşılaşdıra bilsinlər. Bu cəhəti nəzərə alsaq, nazirin dediklərində müəyyən mənada haqlılıq var. Qaldı ki, sırf müəllimi sertifikasiya imtahanına görə dəyərləndirmək məsələsinə, hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Ümumiyyətlə, sertifikasiya imtahanına metodika ilə bağlı sualların salınmasını qəbul etmirəm. Çünki hansısa metodikanı mexaniki şəkildə əzbərləyib imtahanda suallara cavab vermək müəllimin metodiki səriştələrini ortaya qoymur", - deyən müsahibimiz hesab edir ki, bunun üçün nazirlik başqa bir yol müəyyənləşdirməli, daha praktik mexanizm tapmalıdır:

"Düşünürəm ki, müəllimlər sertifikasiya imtahanında yalnız öz fənləri üzrə qiymətləndirilməlidirlər. Metodiki səriştəlilik və digər peşəkar xüsusiyyətlər isə başqa vasitələrlə müəyyən olunmalıdır. Nazirliyin hazırda metodist müəllim layihəsi var və demək olar ki, hər məktəbdə metodist fəaliyyət göstərir. Həmin metodistin vəzifəsi həm müəllim haqqında rəy vermək, həm də onu metodiki baxımdan təkmilləşdirmək və peşəkar inkişafına dəstək olmaqdır".
NURİYYƏ













