"Şagirdi avqust ayında məktəbə qaytarmaq təhsilin keyfiyyətini artırmayacaq" - Əməkdar müəllim

 14:51 23.06.2026     910

Təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev KİV-ə müsahibəsində bildirib.

Nazirin bu fikri gələcək illərdə yay tətilinin qısaldılması ehtimalını gündəmə gətirə bilərmi?

Əməkdar müəllim Sona Əliyeva Redaktor.az-a bildirdi ki, nazirin yay tətili ilə bağlı fikri təsadüfi açıqlama kimi görünmür:

"Bu, gələcəkdə tədris ili və tətil müddəti ilə bağlı müzakirələrin daha ciddi şəkildə gündəmə gələcəyini göstərir. Azərbaycanda dərs ili sentyabrın ortasında başlayır, iyunun ortasında bitir. Bu baxımdan tədris müddətinin daha səmərəli təşkili müzakirə oluna bilər. Amma tətili qısaltmaq təkcə təqvim dəyişikliyi deyil. Bu qərar məktəblərin real vəziyyətinə bağlıdır. Yay aylarında temperatur yüksək olur. Bir çox məktəbdə normal soyutma sistemi yoxdur".

Müsahibimiz qeyd etdi ki, sinif otaqları buna hazır deyilsə, şagirdi iyul və ya avqust ayında məktəbə qaytarmaq təhsilin keyfiyyətini artırmayacaq:

"Digər tərəfdən, yalnız dərs gününü artırmaqla nəticə əldə etmək mümkün deyil. Təhsildə problem təkcə vaxt azlığı deyil. Dərsliyin məzmunu, müəllimin hazırlığı, qiymətləndirmə sistemi, sinifdə öyrənmə mühiti və şagirdin motivasiyası da əsas amillərdir. Həmçinin, yay tətili uşaqlar üçün sadəcə boş zaman keçirdikləri bir dövr deyil. Bu dövr həm də dincəlmək, ailə ilə vaxt keçirmək, psixoloji olaraq yenilənmək və sosial inkişaf üçün vacibdir. Xüsusilə ibtidai və orta sinif şagirdləri üçün istirahət də təhsilin bir hissəsidir. Ona görə də tədris ilini daha ağıllı planlaşdırmaq lazımdır. Uşaq məktəbdə daha çox vaxt keçirməlidir deyə yox, məktəbdə keçirdiyi vaxtdan daha çox öyrənməlidir deyə islahat aparılmalıdır".

Əməkdar müəllimin fikrincə, nazir bu fikri səsləndirməklə ya ictimai rəyi ölçür, ya da gələcək islahat üçün zəmin hazırlayır:

"Amma qərar veriləcəksə, bu qərar iqlim, məktəb infrastrukturu, müəllim yükü, uşaqların psixoloji vəziyyəti və ailələrin sosial reallığı nəzərə alınaraq verilməlidir. Əks halda, təhsillə bağlı narazılıq üçün əlavə səbəb yaranacaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən