"Azərbaycanda dərslər iyunun sonunda yekunlaşa bilər" - AÇIQLAMA
"Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamasında səsləndirdiyi fikirlərdə müəyyən həqiqət payı var. Çünki nümunə kimi göstərilən bəzi təhsil göstəriciləri yüksək olan ölkələrdə tətil müddəti daha qısadır. Buna misal olaraq Yaponiya, Sinqapur, Finlandiya, eləcə də bəzi Avropa ölkələrinin, o cümlədən Fransanın təhsil sistemlərini göstərmək olar".
Bu barədə Redaktor.az-a elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi.
Onun sözlərinə görə, müəyyən ölkələrdə tətil dövrünün qısa olması təhsil göstəricilərinə və əldə olunan nəticələrə müsbət təsir göstərir:
"Lakin elə ölkələr də var ki, həm iqlim şəraiti, həm də formalaşmış ənənələr baxımından Azərbaycanla müəyyən oxşarlıqlara malikdir. Azərbaycanda uzun illərdir ki, 2-3 aylıq yay tətili bir ənənəyə çevrilib. Hətta tədris ilinin iyunun 15-dək uzadılması və ya dərslərin sentyabrın 15-də başlaması belə cəmiyyətdə müəyyən narazılıqlar yaradır".
.jpg)
Ekspertin fikrincə, yaxın dövrdə tədris ilinin müddətinin artırılması ilə bağlı qərar qəbul olunması real deyil.
"Bununla belə, gələcəkdə bu istiqamətdə mərhələli dəyişikliklərin həyata keçirilməsi mümkündür. Məsələn, tədris prosesi iyunun sonlarında yekunlaşa, dərslər isə yenə sentyabrın 15-də başlaya bilər. Belə olan halda ümumi tətil müddəti təxminən iki ay yarım təşkil edər. Ancaq yaxın illərdə belə bir dəyişikliyin baş verəcəyini düşünmürəm. Burada nəzərə alınmalı məqamlardan biri də odur ki, tədris müddəti uzadıldıqda dərs yükü daha geniş zaman kəsiyinə bölündüyü üçün şagirdlər üçün daha yüngül görünə bilər. Yəni tədris proqramı eyni qalsa belə, dərslərin paylanması fərqli olacaq və nəticədə gündəlik yük azalacaq. Bunun isə valideynlər tərəfindən qəbul olunması müəyyən vaxt tələb edir", - deyə E.Əfəndi bildirdi.
Xədicə BAXIŞLI













