"Müəllimlərin üzərinə bu qədər iş yükləmək düzgün deyil" - AÇIQLAMA

 17:13 23.06.2026     802

"Müəllimlərin üzərinə bu qədər iş yükləmək düzgün deyil. Çünki məktəbin psixoloqu var, məktəbdə digər idarəetmə işləri ilə məşğul olan əməkdaşlar var və sair. Bunların hər biri öz funksiyalarını yerinə yetirməli və həmin işlərlə məşğul olmalıdır".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Murad bildirdi. O vurğuladı ki, müəllimin işi şagirdə təhsil verməkdir:

"Müəllimin işi şagirdin dərsdəki davamiyyətini, dərsdəki intizamını və digər məsələləri izləməkdir. Müəllimin artıq başqa işlərlə məşğul olmağa vaxtı qalmır. Hər şeyi müəllimin üzərinə yükləmək düzgün deyil. Belə deyim ki, müəllimin əsas işi öz fənnini tədris etmək və həmin fənnin keyfiyyətli şəkildə mənimsənilməsini təmin etməkdir. Əlavə işlərlə məşğul olmağa vaxtı olarsa, həmin işləri də görə bilər. Amma vaxt olmadığı halda bu vəzifələri müəllimin üzərinə qoymaq və ondan tələb etmək o qədər də düzgün deyil.

Qaldı ki, yeni sistemin yaradılması məsələsinə, nazir də vurğulayıb ki, yeni sistem qurulmalıdır, əlavə qiymətləndirmə mexanizmləri hazırlanmalıdır və sair. Bunların hər biri müəyyən vaxt tələb edən məsələlərdir. Üstəlik, mən düşünürəm ki, uşaqları və şagirdləri daha çox yükləməkdənsə, daha sadə və onları dərsə həvəsləndirən bir model formalaşdırmaq lazımdır. Bu gün ibtidai siniflərdən tutmuş 11-ci sinfə qədər baxırıq ki, şagirdlərin üzərinə ciddi yük düşür. Xüsusilə də ibtidai sinif şagirdlərinin dərs yükü kifayət qədər çoxdur. Bu da istər-istəməz şagirdin həm dərsə, həm də məktəbə marağının azalmasına və soyumasına səbəb olur. Ona görə də mən düşünürəm ki, maksimum dərəcədə müəllimi öz işi ilə məşğul olmağa imkan verən bir mühit formalaşdırmaq, eyni zamanda şagirdlərin rahat şəkildə təhsil almasını və dərsə maraq göstərməsini təmin edən bir sistem yaratmaq daha məqsədəuyğun olar".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən