"Dostluq, tapşırıq və ya rəhbər şəxslərin göstərişi hesabına verilən qiymətlərdir" - AÇIQLAMA

 13:35 24.06.2026     5567

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür. Onun sözlərinə görə, qiymətlərlə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur.

Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, Məleykə xanımın açıqlaması həqiqətən də ziddiyyətin olduğunu ortaya qoyur:

"Ümumtəhsil məktəblərində tədris müddətində keçirilən fənləri summativlər qiymətləndirirlər. Bu kimi qiymətləndirmələr həm də müəllimlərin, görünür ki, subyektiv marağından da qaynaqlanır. Məsələn, bir müəllim dərs dediyi şagirdi daha yaxşı tanıyır və onu qiymətləndirmədə müəyyən meyarları nəzərə alır. Məsələn, onun tərbiyəsini, dərsə davamiyyətini, davranışını müəyyən qədər üstün tuta bilər. Ancaq bu, ümumilikdə bütün qiymətlərin bu cür alınmasına əsas verə bilməz. Çünki biz bilirik ki, burada müəyyən subyektivizm də var. Məsələn, bir müəllim dostbazlıq, qohumbazlıq, tapşırıq-sifariş yerinə yetirə bilər. O halda, əlbəttə ki, bu qiymətləndirmə digər qiymətləndirmə ilə uyğun gəlməyəcək.

Məsələn, buraxılış imtahanlarında imtahan verənlərin 500-ü 0-100 bal arasında nəticə göstərib. Yəni söhbət xüsusi fərqlənən şagirdlərdən gedir ki, onların ümumi attestat balı ortalaması çox yüksəkdir, amma Dövlət İmtahan Mərkəzinin nəticələrində çox zəif nəticə göstəriblər. Əlbəttə ki, burada artıq başqa fikir ortaya çıxır ki, bu kimi şagirdlər məhz əvvəlcə qeyd etdiyimiz dostbazlıq, qohumbazlıq və yaxud da tanışbazlığın ucbatından belə nəticələr əldə ediblər. Bu da təsadüfi deyil ki, bizim hələ də xilas ola bilmədiyimiz, ənənəvi təhsildən gələn bir qaydadır ki, attestat balında qiymətlər yüksək göstərilsin".

Müsahibimiz vurğuladı ki, attestat qiymətlərinin yüksək göstərilməsi ona ali təhsil müəssisəsinə qəbul vaxtı imtahanlarda kömək olmur, nə də elə məzun olunan dövrdə:

"İndi "2" alan şagird də, "5" alan da məzun ola bilir. Söhbət burada onun öz biliyini, potensialını gələcəkdə ali təhsil müəssisəsinə qəbulda necə göstərməsindən gedir ki, o fərq orada artıq ortaya çıxır. Artıq son günlərin müzakirəsinə səbəb olan bəzi rəqəmlər var ki, məsələn, 0-100 bal arasında neçə nəfər, orta səviyyəli neçə nəfər var. Hansı ki, bu adamların hər biri attestat balında yüksək nəticələr göstərib. Yəni fərqlənən şagirdlərin nəticələridir ki, ümumi ortalamada DİM-in statistikasında çox biabırçı nəticə göstəriblər.

Ona görə də burada DİM ilə Elm və Təhsil Nazirliyi arasında ortaq qiymətləndirmə meyarı qoyulmalıdır ki, bu qiymətləndirmələr necə olsun. Mən qeyd etdiyim kimi, burada hər iki faktor var: bir müəllimin şagirdə yanaşması ilə bağlı təqdim etdiyi qiymət var, digəri isə dostluq, tapşırıq və ya rəhbər şəxslərin göstərişi hesabına verilən qiymətlərdir. Ona görə də düşünürəm ki, bu ümumiləşdirilməlidir və burada müəyyən qədər elə bir sistem xətti seçilməlidir ki, o gərginliyi aradan qaldıra bilsin. Yəni əsas meyar o olmalıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən