"Elə uşaqlar olur ki, babalarının adlarını bilmirlər" - Əməkdər müəllimdən maraqlı AÇIQLAMA
Artıq məktəblərdə yay tətili başlayıb və şagirdlər dərs prosesindən uzaqlaşıblar. Tətil dövründə uşaqların bir qismi müxtəlif kurslara, idman və yaradıcılıq fəaliyyətlərinə qatıldığı halda, digərləri vaxtlarının böyük hissəsini telefon, kompüter və sosial şəbəkələrdə keçirirlər. Mütəxəssislər qeyd edirlər ki, yay aylarında tədrisdən tamamilə uzaq qalmaq bəzi şagirdlərin bilik və bacarıqlarına mənfi təsir göstərir. Xüsusilə yeni tədris ilində onların oxu, yazı və qrammatik bacarıqlarında zəifləmə müşahidə olunur. Bu isə tətil müddətində asudə vaxtın kifayət qədər səmərəli təşkil edilmədiyini göstərir.
Bəs uşaqlar yay tətilində vaxtlarını necə keçirməlidirlər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı şəhəri Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Əməkdar müəllim Nəzakət Əliyeva bildirdi ki, məktəblilərin tərbiyəsi və şəxsiyyət kimi formalaşması istiqamətində məktəb və valideyn əməkdaşlığı daha səmərəli təşkil olunmalıdır:
"Birinci sinifdən ikinci sinfə keçid dövründə uşaqlar bir qədər körpə olurlar. Yanvara qədər gəlib çatanda görürsən ki, sanki hər şeyi unudublar. Elə bil heç nə keçməmisən. Amma illər keçdikcə görürsən ki, artıq daha rahat olurlar. Dördüncü sinifdən sonra isə əgər müəllim öz işini yaxşı qurursa, dərsləri hərtərəfli keçirsə, ciddi çətinlik yaranmır. Mən həmişə uşaqlardan soruşuram ki, hansı kəndə, hansı rayona gedirlər, həmin kəndin adı nədir, orada hansı tarixi abidələr var, mədəniyyətimizə və irsimizə aid nələr mövcuddur. Məsələn, uşaq öz kəndinin adını bilməyəndə çətin olur. Deyirəm ki, bunu öyrən, gəl. Hətta elə uşaqlar olur ki, babalarının adını belə bilmirlər. Belə hallarla da qarşılaşmışıq. Bu da ailədən gələn məsələdir. Ya münasibətlər zəif olur, ya başqa səbəblər olur. Bəzən böyüklər vəfat etdikdən sonra onların adı belə çəkilmir. Bu isə yaxşı hal deyil. İnsan öz atasına, anasına, vətəninə və tarixinə hörmətlə yanaşmalıdır ki, uşaq da bunu nümunə götürsün. Bu, vərdiş halına çevrilməlidir".
Əməkdar müəllim təklif edir ki, məktəblərdə yay düşərgələri yaradılsın:
"Ümumiyyətlə, mən hesab edirəm ki, yay tətili günlərində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili xüsusi diqqət tələb edən məsələdir. Təəssüf ki, bütün ailələrin uşaqlarını müxtəlif kurslara, inkişaf proqramlarına və ya düşərgələrə göndərmək üçün həm vaxt, həm də maddi imkanları olmur. Nəticədə bəzi uşaqlar günlərini telefon və kompüter qarşısında, yaxud küçədə nəzarətsiz keçirirlər. Bu baxımdan məktəblərin imkanlarından maksimum istifadə etmək lazımdır. Hesab edirəm ki, məktəblərin nəzdində yay məktəbləri və yay düşərgələri təşkil oluna bilər. Bu layihələrə könüllü müəllimlər, könüllülər, məktəbli dostları və pedaqoji fakültələrin tələbələri cəlb edilə bilər. Yay məktəbləri və yay düşərgələri çərçivəsində şagirdlərin şifahi nitq bacarıqlarının, mütaliə vərdişlərinin inkişafı məqsədilə müxtəlif tədbirlər keçirmək mümkündür. Şifahi və yazılı ədəbiyyat nümunələrinin oxunması və müzakirəsi təşkil oluna, kiçikhəcmli əsərlər səhnələşdirilə, bədii qiraət müsabiqələri keçirilə bilər.
Burada uşaqların mütaliə vərdişlərinin inkişafı, şifahi nitq bacarıqlarının formalaşdırılması üçün müxtəlif kitab müzakirələri, bədii qiraət saatları, kiçikhəcmli əsərlərin səhnələşdirilməsi təşkil oluna bilər. Eyni zamanda şahmat, dama kimi stolüstü oyunlar, müxtəlif idman yarışları, estafetlər, bilik müsabiqələri, rəsm və əl işləri sərgiləri uşaqların həm sosiallaşmasına, həm də asudə vaxtlarının faydalı keçirilməsinə xidmət edər. Bundan başqa, tarixi abidələrə, muzeylərə, Zəfər Parkına, Qənimətlər Parkına və Şəhidlər xiyabanına ekskursiyaların təşkili də uşaqların dünyagörüşünün formalaşmasında mühüm rol oynaya bilər. Hesab edirəm ki, belə yay proqramlarının həyata keçirilməsi üçün müəyyən maliyyə dəstəyi göstərilməsi də müsbət nəticələr verər və daha çox uşağın bu imkanlardan yararlanmasına şərait yaradar".
Pedaqoqun sözlərinə görə, yay tətilindən qayıdanda müəllimlərin ilk diqqət yetirdiyi məsələlərdən biri yazı bacarıqları olur.
"Bilirsiniz ki, hazırkı proqramlarda inşa və ifadə ayrıca mövzu kimi yoxdur. Amma monitorinqlərdə, xüsusilə dördüncü siniflərdə uşaqlara müxtəlif mövzular təqdim olunur və onlar həmin mövzular üzrə sualları diqqətlə oxuyub cavablandırmalıdırlar. Bəzən əgər biz yazı işləri verməsək, uşaq ümumiyyətlə inşa və ya ifadənin nə olduğunu bilməz. Ona görə müəllimlər bu istiqamətdə əlavə iş aparırlar. Oxuyub-anlama tapşırıqları veririk, məzmunu yazdırırıq. Görürsən ki, biri yaxşı yazır, biri zəif yazır. Bəzən hadisələrin əvvəlini axırda, axırını əvvəldə yazırlar. "Ailəm", "Mənim anam", "Ailədə mənim vəzifələrim" kimi mövzularda inşalar yazdırırıq. Çünki monitorinqlərdə şəkil əsasında mətn yazmaq tapşırıqları da olur. Belə hallarda uşağın yazdığı məzmun şəklə uyğun olmalıdır, təsadüfi cümlələrdən ibarət olmamalıdır", - deyə N.Əliyeva yekunlaşdırdı.
NURİYYƏ













