Yüksək nəticə verən məktəb və müəllimlərin təcrübəsi yayılmalıdır - AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent” jurnalının 12-ci nömrəsi dərc edilib. Təhsil eksperti Etibar Əliyev də jurnaldakı məlumatlara əsaslanaraq çıxış edib ki, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır.
AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Redaktor.az-a bildirdi ki, "Abituriyent" jurnalının 12-ci nömrəsində təqdim olunan elmi-statistik təhlillər hər il olduğu kimi, bu il də təhsilimizin ümumi mənzərəsini tam reallığı ilə özündə əks etdirib:
"Jurnal bir növ təhsilimiz üçün barometr rolunu oynayan mənbəyə çevrilib. Çünki tam reallıq orada öz əksini tapır. Təbii ki, təqdim olunan datalarla bağlı müxtəlif fikirlər ola bilər. Sorğu nəticələri bir çox reallıqları özündə əks etdirir. Biz mütəmadi olaraq abituriyentləri yüksək nəticə qazanan rayonların təcrübəsini öyrənməliyik. Həmin rayonlar əgər intensiv olaraq, ard-arda qabaqcıl rayonlar cərgəsində yer alırsa, o zaman biz onların təcrübəsindən yararlana bilərik.
Şəxsən bu, maraqlı fikir ola bilər. Maraqlıdır ki, həmin rayonlar ön sırada olmağı necə bacardılar? Çünki onların hər biri iri şəhərlər deyil, onların bir çoxu digərlərindən texniki təminatına görə, digər imkanlarına görə qətiyyən fərqlənmir. Yaxşı, bəs onda niyə həmin rayon nəinki özünə bərabər, hətta imkanları özündən artıq olan digər ərazilərimizi qabaqlayır? Bu sual maraqlıdır. Etibar Əliyevin buna toxunması məntiqlidir. Amma kaş ki, bu, təklif qiyafəsində qalmasın, onun icra mexanizmi də öyrənilsin".
Aytəkin TOFİQQIZI













