Azərbaycanda hansı ixtisasların plan yerləri azaldılacaq? - Ekspert AÇIQLADI
"Bəzi bakalavr ixtisasları var ki, plan yeri azaldılmalıdır. Elm və təhsil naziri Emin Əmrullayev də çıxışında qeyd etdi ki, Bakı şəhərində olan universitetlərdə ixtisasları azaltmağı düşünürük. Əslində, mən düşünürəm ki, burada əsas ixtisasların azalması o qədər də arzuolunan olmaz. Çünki tibb, hüquq, kompüter yönümlü ixtisaslar tələbatlı ixtisaslardır. Bu ixtisaslar azaldığı təqdirdə ciddi şəkildə balların qalxma ehtimalı ola bilər. Bu da müəyyən narazılığa səbəb ola bilər".
Bu barədə Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Bakı Dövlət Universitetinin özündə bəzi ixtisaslar var ki, bu ixtisasların plan yerlərində azalma ola bilər:
"Çünki hazırda həmin ixtisaslarda dövlət sifarişli plan yerlərinin keçid balları haradasa 200-250, 260, yaxud 200-300 arasındadır. Ona görə də düşünürəm ki, dövlət sifarişinin həm əhəmiyyətini artırmaq üçün, həm də həmin ixtisasların plan yerlərini azaltdığımız təqdirdə, həm dövlət sifarişli yerlərin keçid balları yüksələcək, həmçinin də cənab nazirin qeyd etdiyi fikir tamamilə öz əksini tapmış olacaq. Hazırda əmək bazarında potensiallı olmayan ixtisaslar var. Kompüter yönümlü, maliyyə-iqtisadiyyat, tibbi ixtisaslar, hüquq, beynəlxalq münasibətlər kimi ixtisaslarda plan yerlərində azalma arzuolunan deyil".

Müsahibimiz plan yerlərində azalma edilə biləcək ixtisasları sadaladı:
"Geologiya, geofizika, meliorasiya mühəndisliyi, ekologiya mühəndisliyi, materiallar mühəndisliyi, hidrometeorologiya, fəlsəfə, politologiya, bitki mühafizəsi, su bioehtiyatları və s.
Bu gördüyünüz ixtisaslar o qədər də perspektivli ixtisaslar sayılmır. Bu ixtisasların plan yerlərinin azaldılması tövsiyə olunandır. Bir də bunlarla yanaşı, məsələn, bəzi filologiya ixtisaslarında da, Slavyan Universitetində və Dillər Universitetində plan yerlərinin azaldılması tövsiyə olunandır".
Aytəkin TOFİQQIZI













