DİM-in üstünlük verdiyi suallar şagirdləri çətin vəziyyətə salır - AÇIQLAMA
"Ötən gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin səsləndirdiyi fikirlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Həmin müzakirələrdən biri də bəzi fənlər üzrə nəticələrin və orta balların aşağı düşməsi ilə bağlıdır. İlk olaraq qeyd etmək istəyirəm ki, Dövlət İmtahan Mərkəzi riyaziyyat istiqaməti üzrə və ümumilikdə müvafiq ixtisas qruplarında daha çox tətbiqi xarakterli sualların verilməsində maraqlıdır və bu istiqamətdə fəaliyyətini davam etdirir. Lakin praktikada repetitorlar əsasən test tipli tapşırıqlar üzərində işləyirlər. Şagirdlərin özləri də mətnin təhlili, biliklərin tətbiqi və məntiqi düşünmə bacarıqları tələb edən suallara o qədər də maraq göstərmirlər".
Bu sözləri Redaktor.az-a təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev dedi.
O əlavə etdi ki, bir çox şagirdlər mövzuları orta məktəbdə tədris olunan zaman lazımi səviyyədə mənimsəmirlər və düşünürlər ki, həmin bilikləri hazırlıq mərhələsində öyrənəcəklər:
"Bir çox şagirdlər hesab edirlər ki, həmin bilikləri hazırlıq mərhələsində mənimsəyə biləcəklər. Ancaq Dövlət İmtahan Mərkəzi məhz bu tip suallara üstünlük verdiyi və onların qiymətləndirmədə payını artırdığı üçün şagirdlərin həmin tapşırıqları yerinə yetirməkdə çətinlik çəkməsi, bəzən isə onlardan yayınması nəticələrin aşağı düşməsinə səbəb olur. Düşünürəm ki, növbəti illərdə repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslər, eləcə də orta məktəblərdə dərs deyən müəllimlər tətbiqi xarakterli məsələlərə daha çox diqqət ayırsalar, şagirdlərin bu istiqamətdə bilik və bacarıqları inkişaf edər və nəticələrdə müsbət dəyişiklik müşahidə olunar".
Xədicə BAXIŞLI













