"Sertifikasiyada kurikulum adı altında müəllimə lazım olmayan suallar salınır" - AÇIQLAMA
Bu il tarix müəllimləri ilk dəfə sertifikasiya imtahanlarına cəlb olunublar. Dünən keçirilən imtahandan sonra müəllimlər tərəfindən kurikulum sualları ilə bağlı narazılıqlar səsləndirilib. Onların sözlərinə görə, kurikulum sualları çətin və düşündürücü olub.
Sertifikasiya imtahanlarında kurikulum suallarının çətin hazırlanması məqsədəuyğundurmu?
Təhsil eksperti Şəmsi Qoca Redaktor.az-a açıqlamasında bildirdi ki, imtahandan çıxmış müəllimlərimizin sosial şəbəkələrdəki fəryadını, etirazını sadəcə bir emosional reaksiya kimi görmək böyük səhv olardı. Onun sözlərinə görə, ortada çox ciddi, hətta narahatlıq doğuran bir mənzərə var:
"Xüsusən kurikulum adı altında təqdim olunan, real sinif otağında, gündəlik dərs prosesində heç kimə, heç bir müəllimə və şagirdə lazım olmayan quru, qəliz nəzəriyyələrdən suallar salmaq qərəzli yanaşmanın göstəricisidir. Müəllimə dərsi uşağa necə sevdirməyi, sinfi necə canlandırmağı öyrətmək əvəzinə, onu terminologiya labirintində boğmağın təhsilə hansı xeyri ola bilər? Bu, sadəcə süni çətinlik yaratmaqdan başqa bir şey deyil".

Həmsöhbətimzin fikrincə, tarix fənnində vəziyyət daha da acınacaqlıdır:
"Bu gün texnologiya əsrində yaşayırıq, hər bir rəqəmi, ili, xronoloji faktı saniyələr içində tapmaq mümkündür. Xronologiyanı kor-koranə əzbərləmək, rəqəmləri yaddaşa köçürmək tarix bilmək deyil axı! Tarix — hadisələrin səbəb və nəticə əlaqələrini anlamaq, keçmişi analiz edib bu günü dərk etmək, şagirddə tarix şüuru və milli təfəkkür formalaşdırmaq deməkdir. Biz müəllimdən analitik baxış, fəlsəfi yanaşma tələb etməli olduğumuz halda, onu rəqəmlərin, quru faktların əsirinə çeviririk.
Bax mütəxəssislərin, müəllimlərin narazılığı da, feysbukdakı o şərhlər də məhz bu ədalətsizliyə, bu metodoloji korluğa etirazdır. Əgər bir sistem öz müəllimini qorumursa, onun reallığından qopursa, keçirdiyi imtahan da belə kütləvi narazılıq doğuracaq. Bu yanaşma kökündən dəyişməlidir; suallar müəllimi ruhdan salmaq üçün yox, onun peşəkarlığına dayaq olmaq üçün tərtib edilməlidir".
Aytəkin TOFİQQIZI













