"Aşağı nəticələrin səbəbi təkcə şagirdlər deyil" - Coğrafiya müəllimi
"Abituriyentlərin riyaziyyat, fizika və coğrafiya nəticələri aşağıdır və bu, bizi təbii olaraq narahat edir".
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə mətbuata müsahibəsində bildirib.
Maraqlıdır bəs bu problem nədən qaynaqlanır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan coğrafiya müəllimi Tuqay Rzazadə bildirdi ki, son illərdə qəbul imtahanlarında coğrafiya fənnindən əldə olunan nəticələrin gözlənilən səviyyədə olmaması təhsil ictimaiyyətində ciddi müzakirə olunan məsələlərdən biridir:
"Bu problem həm obyektiv, həm də subyektiv amillərin təsiri nəticəsində formalaşır və onun həlli kompleks yanaşma tələb edir. Altı illik pedaqoji fəaliyyət təcrübəmə əsaslanaraq qeyd edə bilərəm ki, əsas problemlərdən biri qəbul imtahanlarında iştirak edən, lakin buraxılış fənləri sırasına daxil olmayan fənlərin həftəlik dərs yükünün az olmasıdır. Məsələn, coğrafiya fənni ümumtəhsil məktəblərində əksər hallarda həftədə cəmi iki saat tədris olunur. Bu müddət ərzində həm kurikulumun tələblərini yerinə yetirmək, həm də şagirdləri qəbul imtahanlarına yüksək səviyyədə hazırlamaq əksər hallarda mümkün olmur".
Müsahibimiz qeyd etdi ki, digər mühüm problem yuxarı sinif şagirdlərinin diqqət və maraqlarının əsasən qəbul imtahanında iştirak edəcəkləri ixtisas qrupunun fənlərinə yönəlməsidir.
"Təcrübə göstərir ki, 9–11-ci siniflərdə coğrafiya dərsi keçirilən siniflərdə şagirdlərin yalnız kiçik bir hissəsi bu fəndən qəbul imtahanına hazırlaşır. Nəticədə sinifdəki şagirdlərin əksəriyyəti dərs prosesinə kifayət qədər maraq göstərmir və ya repetitor hazırlığı zamanı verilən tapşırıqlarla məşğul olur. Bu vəziyyət müəllimin dərsin effektivliyini təmin etməsini çətinləşdirir. Problemin digər tərəfi məktəblərin maddi-texniki bazası ilə bağlıdır. Yeni tikilmiş təhsil müəssisələri istisna olmaqla, bir çox məktəblərdə coğrafiya və digər təbiət fənləri üzrə ixtisaslaşmış kabinetlər ya mövcud deyil, ya da təyinatı üzrə istifadə olunmur. Halbuki coğrafiya fənninin səmərəli tədrisi xəritələr, qlobuslar, modellər və digər əyani vəsaitlərdən geniş istifadəni tələb edir".
Müəllim bildirdi ki, öz şəxsi pedaqoji təcrübəsində bununla bağlı konkret nümunələrlə tez-tez qarşılaşır:
"Məsələn, Yerin öz oxu və Günəş ətrafında hərəkəti, gecə-gündüzün və fəsillərin yaranması kimi mövzuları izah edərkən xüsusi tədris avadanlıqlarının olmaması səbəbindən bəzən sadəcə qlobus və mobil telefonun işığından istifadə etməyə məcbur oluram. Halbuki bu mövzuların daha effektiv mənimsənilməsi üçün müvafiq astronomik modellərdən, interaktiv vasitələrdən və digər əyani resurslardan istifadə edilməlidir. Daha təəssüf doğuran məqamlardan biri isə bəzi məktəblərdə hətta coğrafiya xəritələrinin belə kifayət qədər olmamasıdır. Belə şəraitdə şagirdlərdə praktik bacarıqların formalaşdırılması və nəzəri biliklərin vizual şəkildə mənimsədilməsi xeyli çətinləşir. Bundan əlavə, qəbul imtahanlarında yüksək nəticə əldə etmək üçün tələb olunan test həll etmə bacarıqlarının formalaşdırılması da ayrıca problem kimi qiymətləndirilə bilər. Məktəbdə müəllim tədris prosesini təsdiq edilmiş kurikulum və gündəlik planlaşdırma əsasında təşkil edir. Bu səbəbdən dərs müddətində Dövlət İmtahan Mərkəzinin və digər nəşriyyatların test banklarından sistemli şəkildə istifadə etmək imkanları məhduddur. Halbuki repetitor hazırlığında şagirdlər mütəmadi olaraq test tapşırıqları yerinə yetirir, sınaq imtahanlarında iştirak edir və imtahan texnologiyalarını daha yaxşı mənimsəyirlər. Heç kimə sirr deyil ki, repetitor hazırlığı aparan müəllimlər hər dərsdə şagirdlərə DİM və digər nəşrlərin test toplularını işlədir, mütəmadi sınaq imtahanları təşkil edir və nəticələri təhlil edirlər. Lakin bu yanaşmanı həftədə iki dəfə, hər biri 45 dəqiqə olmaqla, müxtəlif istiqamətlər üzrə hazırlaşan 20–25 nəfərlik sinifdə eyni səviyyədə tətbiq etmək mümkün deyil. Bu isə məktəb təhsili ilə repetitor hazırlığı arasında müəyyən fərqlərin yaranmasına səbəb olur".
T.Rzazadənin sözlərinə görə, mövcud problemlərin aradan qaldırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilər:
"İlk növbədə, təmayül sinifləri və təmayül məktəblərinin əhatə dairəsinin genişləndirilməsi vacibdir. Eyni istiqamət üzrə hazırlaşan şagirdlərin bir sinifdə cəmləşdirilməsi və həmin fənlərin daha çox saatla tədris olunması müəllimə dərsi məqsədyönlü şəkildə təşkil etməyə imkan yaradar. Əgər bir müəllim repetitor hazırlığında 20–25 şagirdi yüksək nəticələrə çatdıra bilirsə, uyğun şərait yaradıldığı təqdirdə bunu məktəbdə də etmək mümkündür. Xüsusilə də sinifdəki bütün şagirdlər eyni istiqamət üzrə hazırlaşdıqda və coğrafiya kimi fənlər həftədə iki deyil, ən azı dörd saat tədris edildikdə nəticələrin əhəmiyyətli dərəcədə yüksələcəyini düşünürəm. İkinci mühüm istiqamət məktəblərdə coğrafiya kabinetlərinin və digər fənn laboratoriyalarının yaradılmasıdır. Müasir tədris avadanlıqları ilə təchiz olunmuş kabinetlər şagirdlərdə nəzəri biliklərlə yanaşı, praktik bacarıqların da formalaşmasına şərait yaradar. Digər təklif müəllimlərin fəaliyyətinin nəticəyönümlü şəkildə stimullaşdırılmasıdır. Şagird nailiyyətlərinə əsaslanan əlavə mükafatlandırma mexanizmlərinin tətbiqi müəllimlərin motivasiyasını artıraraq tədrisin keyfiyyətinə müsbət təsir göstərə bilər. Çünki digər sahələrdə olduğu kimi, təhsil sahəsində də maddi və mənəvi motivasiya mühüm rol oynayır. Bununla yanaşı, cəmiyyətdə məktəbə olan etimadın gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Valideyn və şagird məktəbdə keçirilən dərslərə repetitor hazırlığından daha az etibar edirsə, həyata keçirilən islahatların gözlənilən nəticəni verməsi çətinləşir. Buna görə də məktəbin əsas təhsil məkanı kimi nüfuzunun artırılması istiqamətində ardıcıl addımlar atılmalıdır. Nəticə etibarilə, qəbul imtahanlarında coğrafiya fənni üzrə aşağı nəticələr təkcə müəllim və ya şagird amili ilə izah edilə bilməz. Bu problem dərs saatları, tədris mühiti, maddi-texniki təminat, imtahan sistemi və cəmiyyətin təhsilə münasibəti kimi bir-biri ilə əlaqəli amillərin təsiri altında formalaşır. Məktəbdə çalışan müəllimlər bu problemləri gündəlik tədris prosesində birbaşa müşahidə etdikləri üçün onların fikirləri və təklifləri təhsil siyasətinin formalaşdırılmasında nəzərə alınmalıdır. Çünki məktəbdəki reallıqları ən yaxından görən və bu problemlərlə hər gün üzləşən əsas tərəf məhz müəllimlərdir. Bu səbəbdən təhsil sahəsində qəbul edilən qərarlarda müəllimlərin praktik təcrübəsinə daha çox yer verilməsi, problemlərin həllinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verə bilər".
Xədicə BAXIŞLI













