"İxtisas sualları ilə bağlı ciddi problem yoxdur, lakin..." - Tarix müəllimindən kurikulum suallarına ETİRAZ

 16:30 29.06.2026     6390

Tarix müəllimlərinin sertifikasiya imtahanı ilə bağlı narazılıqları davam edir. Bir qrup müəllim imtahanda təqdim olunan bəzi kurikulum və metodika suallarının məzmunu ilə razılaşmadıqlarını bildirir. Onların fikrincə, bəzi suallar məntiqi baxımdan düzgün tərtib edilməyib və müəllimin peşəkar biliklərini obyektiv qiymətləndirmir. Müəllim Mətanət Nəbiyeva öz sosial şəbəkəsində paylaşdığı videoda bildirir ki, narazılıq doğuran suallardan biri Nizami Gəncəvinin 1141-ci ildə anadan olması ilə bağlı olub. O qeyd edir ki, "Nizami Gəncəvinin anadan olduğu ili başqa təqvimə görə hesablayın" məzmunlu sual "anlama" bacarığını deyil, hesablama əməliyyatını tələb edir:

"Nəyisə hesablamaq nə vaxtdan anlama mərhələsi hesab olunur? Əgər burada ili başqa təqvimə çevirirəmsə, bu artıq hesab əməliyyatıdır. Bunun taksonomiyanın "anlama" səviyyəsinə aid olduğunu hansı mənbə ilə əsaslandırırlar? Kurikulumda bununla bağlı mənbə varsa, göstərsinlər. Təəssüf ki, bəzən suallar elmi əsasdan çox tapmaca xarakteri daşıyır və müəllimlərin əsəblərini korlayır", – deyə müəllim bildirib.

Müəllimin etiraz etdiyi digər sual isə sinfə yeni gələn, fərqli mədəniyyətə malik şagirdlə bağlı situasiya olub. Sualda müəllimin ən effektiv addımı kimi yeni şagirdin əlindən tutaraq məktəbi gəzdirməsi doğru cavab kimi göstərilib:

"Niyə doğru cavab məhz müəllimin şagirdi məktəbdə gəzdirməsi olmalıdır? Cavab variantlarından biri də digər şagirdlərin yeni gələn şagirdin mədəniyyətini araşdırması idi. Bu, daha məqsədəuyğun deyilmi? Belə olduqda uşaqlar həm yeni şagirdin mədəniyyətini öyrənər, həm də ona hörmət və tolerantlıq formalaşar. Məncə, bu variant daha məntiqlidir", – deyə o qeyd edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında tarix müəllimi Yalçın Quliyev bildirdi ki, ixtisas sualları bütün səviyyələri əhatə edirdi:

"Ən asanı da var idi, orta çətinlikdə olanı da var idi, çətini də var idi. İxtisas sualları ilə bağlı ciddi problem yoxdur. Lakin variantlarda "yalnız 2", "yalnız 3", "yalnız 1 və 2" kimi cavablar da var idi. Bu isə təbii ki, ixtisas suallarının müəyyən qədər çaşdırıcı olduğunu göstərirdi. Kurikulum sualları isə demək olar ki, həqiqətən də çox problemli idi. Bu problemlə, demək olar ki, hər il qarşılaşırıq. Bir il hansısa situasiyanı tətbiqetmə kimi təqdim edirlər, halbuki biz onu anlama mərhələsi kimi öyrənmişik. Növbəti il onu tətbiqetmə kimi öyrənəndə, daha sonra təhlil mərhələsi kimi təqdim edirlər, ondan sonrakı il isə artıq xatırlama mərhələsi kimi qiymətləndirirlər. Yəni hər il sanki müəllimlərin 50 bal həddini keçməməsi üçün kurikulum sualları çox uğursuz hazırlanır. Heç olmasa taksonomiyanın bir mərhələsini sabit saxlasalar, daha düzgün olar. Bu isə müəllimlər üçün çaşdırıcı məqam yaradır.

Bundan əlavə, kurikulum bölməsində konkret üç sual yanlış idi. Onlardan birində variantlardan biri düzgün cavab kimi "uşağın qolundan tutub gəzdirmək" göstərilmişdi. Bu nə dərəcədə doğru yanaşmadır? Bu şəkildə həmin uşaq bizim cəmiyyətə necə inteqrasiya edə bilər? Bu, mümkün deyil. Müəllimin uşağın qolundan tutaraq onu bütün sinfi və ya məktəbi gəzdirməsi ənənəvi, müəllimyönümlü yanaşmadır, şagirdyönümlü yanaşma deyil. Bununla biz həmin şagirdi digər uşaqlardan ayırmış oluruq və inklüziv təhsil prinsipini pozmuş oluruq".

Qeyd edək ki, iyun ayının 24-ü keçirilən tarix fənni üzrə sertifikasiya imtahanından maksimum 60 balı yığan müəllim olmayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən