"Ucqar məktəblərdə 65 yaşdan yuxarı müəllimlərə işləməyə icazə verilsin" - TƏKLİF

 18:31 29.06.2026     7591

Artıq regionlarda 65 yaşı tamam olmuş həkimlərin fəaliyyətini davam etdirməsinə icazə veriləcək. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin iclasında "Psixiatriya yardımı haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov məlumat verib. Bildirilib ki, hətta Tibb Universitetini bitirib rezidentura təhsili almayan həkimlər də müvafiq hazırlıq proqramından sonra həkim çatışmazlığı olan regionlara göndəriləcək və 65 yaşdan sonra da həmin ərazilərdə fəaliyyət göstərə biləcəklər.

Bu qərar fonunda təbii olaraq bir sual yaranır: Bəs orta məktəblərdə niyə eyni yanaşma tətbiq edilmir?

Redaktor.az-a danışan coğrafiya müəllimi Tuqay Rzazadə xatırlatdı ki, elm və təhsil naziri Emin Əmrullayev regionlarda, xüsusilə ucqar kəndlərdə təxminən 2000 vakant müəllim yerinin olduğunu və onların bir qisminin üç ilə yaxındır boş qaldığını açıqlayıb:

"Hətta MİQ imtahanında keçid balını toplayan müəllimlər belə bu məktəbləri seçmək istəmirlər. Hesab edirəm ki, bu problemin həlli üçün iki əsas istiqamət nəzərdən keçirilə bilər. Birincisi, gənc müəllimlərin ucqar kənd məktəblərinə cəlb olunması məqsədilə maliyyə və sosial stimullaşdırma mexanizmlərinin daha da gücləndirilməsidir. İkincisi isə uzun illərdir vakant qalan və namizəd tapılmayan məktəblərdə 65 yaşı tamam olmuş təcrübəli müəllimlərin fəaliyyətini xüsusi qaydada davam etdirməsinə icazə verilməsidir".

Müsahibimiz qeyd etdi ki, verdiyi bu təklif bütün məktəblərə aid deyil:

"Söhbət yalnız uzun müddət vakant qalan, gənc müəllimlərin işləməyə maraq göstərmədiyi ucqar region məktəblərindən gedir. Digər məktəblərdə isə 65 yaş həddinin saxlanılmasını doğru hesab edirəm. Çünki son illərdə müəllimlərin işə qəbulu (MİQ) ölkədə ən rəqabətli seçim proseslərindən birinə çevrilib və bəzən bir vakant yer uğrunda 10 və daha çox namizəd mübarizə aparır. Bu baxımdan gənc müəllimlərin məşğulluğunun təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Lakin uzun illər vakant qalan ucqar məktəblər üçün istisna mexanizminin tətbiqi həm təhsilin davamlılığına, həm də müəllim çatışmazlığının aradan qaldırılmasına xidmət edə bilər. Əgər millət vəkilləri, ali təhsil müəssisələrinin müəllimləri və digər peşə sahibləri qanunvericiliyin verdiyi imkanlarla 70 və daha yuxarı yaşlarda fəaliyyətlərini davam etdirə bilirlərsə, niyə müəllim çatışmazlığı olan ucqar məktəblərdə təcrübəli orta məktəb müəllimlərinə də belə bir imkan yaradılmasın? Hörmətli millət vəkillərini və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrini bu məsələnin müzakirə olunmasına və müvafiq həll mexanizminin hazırlanmasına dəstək verməyə çağırıram. Bu, həm regionlarda müəllim çatışmazlığının aradan qaldırılmasına, həm də şagirdlərin keyfiyyətli təhsil alma hüququnun təmin edilməsinə mühüm töhfə verə bilər", - deyə o yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən