Məktəblərdə telefon qadağası: Qərar şagirdlərə necə təsir edəcək? - AÇIQLAMA 

 17:24 29.06.2026     588

Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev qərar imzalayıb. 

Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Redaktor.az-a açıqlamasında qeyd etdi ki, belə bir qərarın alınması vacib əhəmiyyət daşıyır:

"Çünki son dövrlər müşahidə edirik ki, şagirdlər auditoriyada telefondan istifadə etdikləri zaman onların fikirləri dərsin gedişatından yayınır və nəticə etibarilə təhsil göstəriciləri aşağı düşür. Xüsusilə də təkcə bizim ölkəmizdə deyil, demək olar ki, təhsil göstəriciləri yüksək olan ölkələrdə, o cümlədən MDB məkanına daxil olan ölkələrdə və türkdilli dövlətlərin bir neçəsində artıq belə qərarlar tətbiq olunmağa başlanılıb".

Həmsöhbətimiz düşünür ki, bizdə də belə bir qərarın tətbiq olunması şagirdlərin təhsil göstəricilərinə müsbət mənada təsir göstərəcək:

"Növbəti tədris ilindən etibarən, təbii ki, şagirdlər dərsin gedişatında auditoriyada mobil telefondan istifadə edə bilməyəcəklər. Eləcə də digər elektron cihazlardan – bura ağıllı saatlar, planşetlər və sair daxildir. Yalnız zəruri halda, əgər ehtiyac yaranarsa, təbii ki, bu da məktəbin öz avadanlıqları ola bilər – proyektorla dərsin izahı ola bilər və yaxud da kompüterlə dərsin izahı ola bilər. Bu isə yalnız təhsilverən tərəfindən idarə olunmaqla, məktəbin öz avadanlıqlarının tədris prosesində tətbiqi şəklində mümkün olacaq. Amma şagirdlərin özlərinin daşıdıqları elektron avadanlıqlardan istifadə, təbii ki, məhdudlaşdırılır və bu da, bir daha deyirəm, təhsil göstəricilərinin artmasına rəvac verəcək bir qərardır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən