"Sertifikasiya imtahanının keçirilmə mexanizmi yenidən nəzərdən keçirilməlidir" - Müəllimdən TƏKLİF

 19:27 29.06.2026     2414

"Son illərdə təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən biri müəllimlərin sertifikasiya imtahanıdır. Bu prosesin əsas məqsədi müəllimlərin peşəkar bilik və bacarıqlarını qiymətləndirmək, təhsilin keyfiyyətini yüksəltmək kimi təqdim olunur. Lakin praktikada bu məqsədə nə dərəcədə nail olunduğu barədə cəmiyyətdə və müəllimlər arasında ciddi fikir ayrılığı mövcuddur. Əgər məqsəd həqiqətən müəllimin inkişafıdırsa, ilk növbədə onun inkişafı üçün şərait yaradılmalıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında tanınmış müəllim Səbinə Babayeva səsləndirdi.

O qeyd etdi ki, dünyanın bir çox ölkələrində müəllimlər mütəmadi olaraq ixtisasartırma təlimlərinə, metodiki seminarlara və peşəkar inkişaf proqramlarına cəlb olunurlar:

"Yalnız bundan sonra onların fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilir. Bizdə isə əksinə, müəllim əvvəlcə imtahan qarşısına çıxarılır, inkişaf mexanizmləri isə ikinci plana keçir. Müəllimin peşəkarlığını cəmi 60 test sualı ilə müəyyən etmək nə dərəcədə obyektivdir? Test əsasən yaddaşı, fakt biliyini və müəyyən qədər məntiqi düşüncəni ölçür. Halbuki müəllimlik yalnız fənn biliyindən ibarət deyil. Şagirdlə ünsiyyət qurmaq, sinfi idarə etmək, fərqli öyrənmə səviyyələrinə uyğun metod seçmək, psixoloji yanaşma nümayiş etdirmək kimi bacarıqlar testlə qiymətləndirilə bilməz. Test mərhələsindən sonra keçirilən qısa müsahibənin də bu boşluğu doldurduğu iddia edilir. Lakin bir neçə dəqiqə davam edən müsahibə illərlə formalaşmış pedaqoji fəaliyyəti tam əks etdirə bilməz. Maraqlıdır ki, müəllim özü şagirdi qiymətləndirərkən belə bir neçə yazı işi, cavab, müşahidə və uzunmüddətli fəaliyyəti nəzərə alır. Elə isə on illərlə çalışan müəllimin peşəkarlığını bir imtahan və qısa müsahibə ilə müəyyən etmək nə qədər ədalətlidir?".

Müəllimin sözlərinə görə, sertifikasiya imtahanının başqa bir mənfi tərəfi onun müəllimlərdə yaratdığı psixoloji gərginlikdir:

"İmtahan nəticəsinə maaş artımı və hətta iş yerinin taleyi bağlı olduğundan müəllim il ərzində diqqətini daha çox imtahana yönəldir. Beləliklə, əsas məqsəd şagirdin inkişafı deyil, müəyyən bal həddini keçmək olur. Təhsil prosesi arxa plana keçir. Qiymətləndirmənin sərhəd balları da cəmiyyətdə mübahisə doğurur. Məsələn, 30 bal toplayan müəllim uğursuz hesab olunur, 31 bal toplayan isə uğurlu. Eyni şəkildə 49 və 50 bal arasında böyük fərq yaradılır. Halbuki bir ballıq fərq müəllimin peşəkarlığında köklü fərq demək deyil. Bu cür yanaşma həm müəllimlər arasında narazılıq yaradır, həm də cəmiyyətin müəllim haqqında təsəvvürünə mənfi təsir göstərir.

Daha ciddi problem isə müəllim nüfuzunun zədələnməsidir. Artıq müəllimin peşəkarlığı onun sinifdəki fəaliyyəti ilə deyil, topladığı balla ölçülür. Şagirdlərin belə müəllimdən “neçə bal toplamısınız?” deyə soruşması bunun ən açıq göstəricisidir. Halbuki müəllimə hörmət onun illərlə qazandığı təcrübəyə, yetişdirdiyi şagirdlərə və cəmiyyətə verdiyi töhfəyə əsaslanmalıdır. Əlbəttə, heç kim müəllim fəaliyyətinin ümumiyyətlə qiymətləndirilməməsini müdafiə etmir. Qiymətləndirmə olmalıdır, lakin bu, davamlı peşəkar inkişaf proqramları, dərs müşahidələri, metodik fəaliyyət, şagird nailiyyətləri və uzunmüddətli pedaqoji fəaliyyətin kompleks təhlili əsasında həyata keçirilməlidir. Müəllim qorxu ilə deyil, dəstək və inkişaf imkanları ilə daha yaxşı nəticə göstərə bilər.

Unutmaq olmaz ki, müəllim ali təhsil müəssisəsində dörd il hazırlıq keçərək diplom alır. Əgər həmin hazırlıq kifayət qədər keyfiyyətlidirsə, illər sonra onu yalnız test nəticəsinə əsasən “müəllimdir” və ya “müəllim deyil” kimi dəyərləndirmək doğru yanaşma hesab edilə bilməz. Əsas diqqət müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsinə və peşəkar inkişafın davamlı təmin olunmasına yönəldilməlidir. Təhsilin keyfiyyəti müəllimi qorxutmaqla deyil, müəllimi inkişaf etdirməklə yüksəlir. Sertifikasiya imtahanı isə bu məqsədə xidmət etdiyi qədər, müəllim nüfuzuna, psixoloji vəziyyətinə və tədris prosesinə təsiri baxımından yenidən nəzərdən keçirilməli olan bir mexanizmdir".

Səbinə müəllim hesab edir ki, sertifikasiya imtahanının keçirilmə mexanizmi yenidən nəzərdən keçirilməlidir:

"Məqsəd müəllimi cəzalandırmaq və ya qorxu altında saxlamaq deyil, onun peşəkar inkişafını təmin etmək olmalıdır. Buna görə də mövcud sistem təkmilləşdirilməli, müəllimlərin üzərində yaratdığı psixoloji gərginlik və stres minimuma endirilməlidir. Bunun üçün sertifikasiya yalnız qiymətləndirmə vasitəsi kimi deyil, inkişaf proqramının tərkib hissəsi kimi həyata keçirilməlidir. Müəllimlərə mütəmadi metodiki dəstək göstərilməli, ixtisasartırma təlimləri, praktik seminarlar və peşəkar inkişaf layihələri təşkil edilməlidir. Qiymətləndirmə isə yalnız bu inkişaf prosesindən sonra aparılmalıdır. Çünki güclü təhsil sistemi müəllimdən qorxu ilə deyil, ona verilən dəstək və yaradılan inkişaf imkanları ilə qurulur. Müəllim özünü daim təhlükə altında hiss etdikdə deyil, öz üzərində işləməsi üçün motivasiya qazandıqda həm peşəkar inkişaf edir, həm də bu inkişafın nəticəsi birbaşa şagirdlərin təhsil keyfiyyətinə müsbət təsir göstərir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən