"Sertifikatlaşdırmada 104 mindən çox müəllim iştirak edib" - Emin Əmrullayev
“İlk dəfə region olaraq Quba-Xaçmaz, Abşeron-Xızı və eyni zamanda Gəncə şəhərində sertifikatlaşdırma prosesinə başladıq. Daha sonra proses digər bölgələrdə bütün ibtidai sinif müəllimləri, Azərbaycan dili və ədəbiyyatı müəllimləri, daha sonra riyaziyyat və xarici dil müəllimləri, biologiya, kimya, fizika, coğrafiya, informatika müəllimləri ilə və nəhayət, bu il tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri ilə davam etdi”.
Redaktor.az xəbər verir ki, bu fikirləri ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev səsləndirdi.
“2022–2026-cı illərdə ümumilikdə sertifikatlaşdırma prosesinə cəlb olunan müəllimlərin sayı 100 mindən artıqdır. Daha dəqiq desək, 104 min 435 nəfər ən azı bir dəfə sertifikatlaşdırmada iştirak edib. Təbii ki, elə müəllimlər var ki, onlar bir dəfə yox, iki dəfə iştirak ediblər. Lakin ümumilikdə 104 min 435 müəllimimiz artıq sertifikatlaşdırma prosesində iştirak edib və bu, demək olar ki, bütün müəllim kontingentini əhatə edib.”
Aytəkin TOFİQQIZI













