65 yaş müəllim üçün də son hədd olmasın - Əməkdar müəllimdən ÇAĞIRIŞ

 17:44 30.06.2026     2580

Regionlarda 65 yaşı tamam olmuş həkimlərin fəaliyyətini davam etdirməsinə icazə verilməsi təklif olunur. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin iclasında "Psixiatriya yardımı haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov məlumat verib. Bildirilib ki, Tibb Universitetini bitirib rezidentura təhsili almayan həkimlər də müvafiq hazırlıq proqramından sonra həkim çatışmazlığı olan regionlara göndəriləcək və 65 yaşdan sonra da həmin ərazilərdə fəaliyyət göstərə biləcəklər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, həkimlərlə bağlı yanaşma maraqlı və yerində olan qərardır:

"Çünki insan həyatı hər şeydən dəyərli və üstün olmalıdır. Həmçinin insan kapitalının hazırlanmasında xüsusi əhəmiyyətə malik təhsil sahəsində də, xüsusilə region məktəblərində kadr problemi var. Bunu hamımız bilirik. Xüsusilə ucqar kəndlərdə riyaziyyat, fizika, kimya, biologiya, informatika, xarici dil kimi fənlər üzrə müəllim çatışmazlığı yaşanır. Məktəb var, sinif var, şagird var, amma həmin fənni lazımi səviyyədə tədris edəcək müəllim yoxdur. Belə vəziyyətdə illərlə təcrübəsi olan, sağlamlığı imkan verən, dərsini keyfiyyətlə aparan müəllimi sadəcə 65 yaşı tamam olduğu üçün sistemdən uzaqlaşdırmaq nə qədər doğrudur? Təbii ki, burada məsələ bütün yaşlı müəllimlərin avtomatik şəkildə məktəbdə saxlanılması deyil. Təhsil sistemi yenilənməli, gənc müəllimlərə də yol açılmalıdır."

Müsahibimiz əlavə etdi ki, müəllimin taleyinə yalnız doğum tarixinə baxaraq qərar vermək ədalətli deyil:

"Müəllimlik sadəcə peşə deyil, həm təcrübədir, həm sinfi idarə etmək bacarığıdır, həm uşaq psixologiyasını bilməkdir, həm də illərlə formalaşan pedaqoji nüfuzdur. Elə müəllim var ki, 65 yaşında da məktəb üçün çox dəyərlidir. Elə müəllim də var ki, daha gənc yaşda belə sinfə öz enerjisini ötürə bilmir. Ona görə burada əsas meyar yaş yox, peşəkarlıq və real nəticə olmalıdır. Əgər səhiyyədə regionlarda kadr çatışmazlığı əsas gətirilirsə, təhsildə də eyni prinsip tətbiq oluna bilər. Çünki müəllim çatışmazlığının nəticəsi bir gündə görünmür, amma illər sonra cəmiyyətin savadında, düşüncəsində və peşə seçimində özünü göstərir. Bu gün bir kənd məktəbində fizika müəllimi yoxdursa, sabah həmin kənddən mühəndis, həkim və ya texnoloqun yetişməsi də çətinləşir. Ona görə də təhsildə daha çevik və ədalətli modelə ehtiyac var. Kadr çatışmazlığının yaşandığı region məktəbləri ayrıca müəyyənləşdirilməli, həmin məktəblərdə nəticələri ilə seçilən, sağlamlığı imkan verən, şagirdlər və valideynlər tərəfindən müsbət qiymətləndirilən təcrübəli müəllimlərin fəaliyyəti davam etdirilməlidir. Amma bu proses də şəffaf olmalıdır. Direktorun şəxsi münasibəti ilə yox, aydın meyarlar əsasında aparılmalıdır. Təhsildə qərarlar məktəbin daxilindəki real vəziyyət nəzərə alınaraq verilməlidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən