"Nazir haqlıdır, təsadüfən müəllim olan şəxslər bütöv bir nəslin gələcəyini məhv edir" - İlqar Orucov

 17:58 01.07.2026     10664

"Elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi "zəif oxuyan şəxsin müəllim olması problemdir" tezisi konseptual olaraq doğrudur. Belə ki, ali və ya orta məktəbi "kafi" qiymətlərlə bitirən birinin sinif rəhbəri olması, şagirdə ötürüləcək akademik intizamı və hədəfləri zəiflədir. Lakin bu problemin həlli mexaniki qaydada keçmiş qiymət kitabçasına baxmaqla yox, qlobal modellərdən götürülmüş prinsiplərlə konkretləşdirilməlidir".

Bu fikirləri Redaktor.az-a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov səsləndirdi.

Onun sözlərinə görə, pedaqogika və idarəetmə elmi baxımından bu barədə haqlı və əsaslandırılmış arqumentlər mövcuddur:

"Təhsil təkölçülü bir sistem olmadığı üçün yüksək akademik idarəetmə prinsipləri ilə insan amili və pedaqoji reallıqlar tez-tez toqquşur.  Nazirin fikirlərinə hörmətlə yanaşaraq, burada pedaqoji səriştə ilə akademik səriştənin fərqinə diqqəti yönəltmək istəyərdim. Nazirin tezisində "əlaçı" olmaq müəllimlik üçün əsas meyar kimi önə çəkilməsi kimi önə çıxmamalıdır. Çünki, pedaqogika sübut edir ki, mükəmməl bilmək heç də həmişə mükəmməl öyrətmək demək deyil".

Müsahibimiz qeyd etdi ki, təhsiltutumlu və qabaqcıl ölkələrin böyük əksəriyyətində bizdəki fəlsəfədə başa düşülən bütün fənlərdən 5 alan şagird anlayışı və ya şagirdlərin bu cür rəsmi qruplaşdırılması mövcud deyil:

"Müasir qlobal təhsil sistemləri şagirdləri qiymətlərə görə "əlaçı" və "zəif" kimi etiketləməkdən tamamilə imtina edib. Fərdin orta məktəbdə zəif oxuması sonradan, yəni yetkinlik dövründə inkişaf etməsinə mane olmamalıdır. Əgər vaxtilə hansısa fənni zəif oxumuş və müəllim olmaq iddiasında olan şəxs bu gün Azərbaycan reallığında MİQ və sertifikasiyada öz ixtisasından yüksək nəticə göstərirsə, bu onun akademik bərpasını sübut edir və onu keçmiş qiymətlərinə görə ittiham etmək doğru deyil. Vaxtilə orta məktəbdə aşağı qiymətlərlə oxuyan konkret şəxslər olub ki, sonradan onlar öz sahələrində çox böyük uğurlarla yadda qalıblar və ya əksinə".

Ekspertin sözlərinə görə, təhsil sosiologiyası və psixologiyasında gecikmiş potensial fenomeni sübut edir ki, insanın orta məktəbdəki qiymətləri onun gələcək intellektual və peşəkar uğurlarının mütləq göstəricisi deyil:

"Tarixdə və müasir dövrdə vaxtilə məktəbdə zəif və ya uğursuz sayılan, lakin sonradan dünya elmini, təhsilini və texnologiyasını dəyişən onlarla konkret şəxsiyyət nümunələri var. Eyni zamanda, məktəbi mükəmməl qiymətlərlə bitirib gələcəkdə böyük nailiyyət göstərə bilməyən fərdlərə dair də tədqiqatlar mövcuddur. Bu konkret nümunələr elm və təhsil naziri Emin Əmrullayevin "zəif oxuyub müəllim olanlar problemdir" fikrini təkzib etmir, əksinə onu daha elmi müstəviyə daşıyır. Albert Eynşteynin məktəb həyatı pedaqogikada ən çox çəkilən nümunədir. Orta məktəbdə müəllimləri onun zehni inkişafının ləng getdiyini düşünürdülər. O, ciddi və mexaniki intizamı sevmir, əzbərçiliyə əsaslanan dərslərdə zəif nəticə göstərirdi. Lakin sonradan fizika sahəsində inqilab etdi və Nobel mükafatı qazandı. Dahi Tomas Edison məktəbdə cəmi 3 ay oxuya bilmişdi. Müəllimi onun fəhmsiz və öyrədilməsi qeyri-mümkün bir uşaq olduğunu demişdi. Anası onu məktəbdən çıxararaq evdə özü təhsil verməli oldu. Edison bəşəriyyətin ən məhsuldar ixtiraçılarından biri oldu. Böyük rus yazıçısı Lev Tolstoy Kazan Universitetində oxuyarkən professorlar onu öyrənməyə qabiliyyətinin olmamaqda ittiham edirdilər. O, imtahanlardan kəsilərək universiteti yarımçıq qoymuşdu. Əgər vaxtilə zəif oxuyan şəxs sonradan öz üzərində işləyib Edison, Tolstoy, Eynşteyn kimi özünü yetişdiribsə, onun bu gün müəllimlik etməsi problem deyil, böyük qazancdır. Çünki o, çətinlikləri bildiyi üçün zəif şagirdə daha yaxşı yol göstərə bilər".

İ.Orucov bildirdi ki, məktəbi həmişə "əla" qiymətlərlə bitirən şəxslərin heç də hamısı gələcəkdə böyük kəşflərə imza atmır və ya fərqli sahələrdə lider ola bilmirlər:

"Psixologiyada buna "əlaçı tələsi" deyilir. Boston Kollecinin tədqiqatçısı Karen Arnoldun rəhbərliyi ilə keçirilən maraqlı bir araşdırmada məktəbləri birinci yerlə (əla qiymətlərlə) bitirən 81 tələbənin gələcək həyatı izlənilmişdir. Məlum olmuşdur ki, onlar iş həyatında uğurlu, qanunlara tabe olan və yaxşı maaş alan fərdlər olsalar da, heç biri öz sahəsində vizioner, böyük islahatçı və ya dünya miqyaslı liderə çevrilməyib. Bununla belə, real idarəetmə reallıqlarını nəzərə almaq mütləqdir. Dövlət təhsil sistemini Eynşteyn və ya Edison kimi müstəsna dahilər üzərində qura bilməz, çünki belə insanlar milyonda bir olur. Sistem kütləvi standartlar tələb edir. Bu baxımdan nazir haqlıdır, çünki aşağı balla, zəif biliklə təsadüfən müəllim olan şəxslər bütöv bir nəslin gələcəyini məhv edir. O, həm də cəmiyyətə və gənclərə mesaj verir ki, artıq müəllimlik təsadüfi adamların yeri deyil, bura ən savadlıların fəaliyyət sahəsi olmalıdır".

Ekspert sonda təklif etdi ki, pedaqoji fakültələrə qəbul balları və meyarları elə tənzimlənməlidir ki, aşağı bal toplayaraq universiteti seçən fərdlər bu ixtisası "balım ancaq bura çatdı" deyərək təsadüfən seçə bilməsinlər.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən