Rus bölməsi, yoxsa Azərbaycan bölməsi? - Ekspertdən CAVAB

 13:26 01.07.2026     751

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, rus bölməsində təhsilin daha üstün olması ilə bağlı fikirlər mifdir.

Təhsil eksperti Ramin Nurəliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, rus bölməsində təhsilin daha üstün olması ilə bağlı fikirlər doğru deyil:

"Hazırda mənim də yanıma rus bölməsindən abituriyentlər gəlir, onlarla görüşürəm, məşğul oluram, ixtisas seçimini edirəm. Demək olar ki, abituriyentlərimin yarıya yaxını rus bölməsi abituriyentləridir. Amma bunu qəbul etmək lazımdır ki, rus bölməsi Azərbaycan bölməsinə nisbətdə çox azdır, yəni faiz etibarilə azdır. Əgər bu az olan faiz etibarını müqayisə ediriksə, o zaman bəli, rus bölməsi daha güclüdür. Rus bölməsinin potensialı daha yüksək səviyyədədir. Rus bölməsində sadəcə bu olur: rus bölməsi abituriyentləri çox diqqətli olur, rus bölməsi abituriyentlərinin dil bilikləri daha yüksək olur, rus və ingilis dili bilikləri daha yüksək olur. Bunlar reallıqdır".

Onun sözlərinə görə,  Azərbaycan bölməsi ilə rus bölməsini ümumi olaraq, abituriyentlərin faiz nisbəti baxımından nəzərə alarıqsa, rus bölməsi daha üstün, daha güclüdür, Azərbaycan bölməsi isə faiz etibarilə daha zəif görünür:

"Amma ümumi götürdüyümüz təqdirdə, Azərbaycan bölməsində yüksək bal toplayan abituriyentlərin sayı daha çox olur. Çünki Azərbaycan bölməsində abituriyent sayı çoxdur və bu çox olan sayın içərisindən daha potensiallılar ortaya çıxır. Çox yüksək bal toplayanlar arasında Azərbaycan bölməsinin abituriyentləri daha çox olur. Məsələn, biz bu zamana qədər maksimal bal toplayanlar arasında Azərbaycan bölməsinin abituriyentlərinin daha yüksək nəticə göstərdiyinin şahidi olmuşuq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən