Tamştatlı sistem müəllim peşəsinin nüfuzunu artıra bilər - Günay Əkbərova

 13:30 01.07.2026     879

"Mən şəxsən tamştatlı müəllim sisteminə keçidi müsbət qiymətləndirirəm və düşünürəm ki, düzgün tətbiq olunarsa, bu, təhsil sistemimiz üçün həqiqətən də ciddi bir dönüş nöqtəsi ola bilər. Bu gün müəllimin işi yalnız sinif otağında dərs deməkdən ibarət deyil. Dərsə hazırlıq, şagirdlərin fərdi inkişafını izləmək, qiymətləndirmə aparmaq, valideynlərlə mütəmadi ünsiyyət qurmaq, metodik fəaliyyətlərdə iştirak etmək, layihələr hazırlamaq, öz peşəkar inkişafı üzərində işləmək – bunların hamısı müəllim peşəsinin ayrılmaz hissəsidir. Təəssüf ki, mövcud stavka sistemi daha çox dərs saatını əsas götürdüyündən müəllimin görünməyən əməyi çox vaxt lazımi şəkildə qiymətləndirilmir".

Bu fikirləri Redaktor.az-a təhsildə tamştatlı sistemə keçid haqqında danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova səsləndirdi.

O əlavə etdi ki, dünyanın uğurlu təhsil modellərinə baxdıqda bunu aydın görürük:

"Məsələn, Finlandiya, Sinqapur, Kanada kimi ölkələrdə müəllim məktəbin tamştatlı əməkdaşı hesab olunur. Onların iş günü yalnız dərs saatlarından ibarət olmur. Müəllimlər dərsləri planlaşdırır, həmkarları ilə birgə işləyir, yeni tədris metodlarını araşdırır, fərdi dəstəyə ehtiyacı olan şagirdlərlə məşğul olur və davamlı peşəkar inkişaf imkanlarından istifadə edirlər. Məhz buna görə həmin ölkələrdə müəllim peşəsinin nüfuzu da daha yüksəkdir. Ancaq hesab edirəm ki, bu keçid yalnız ad dəyişiklikləri ilə məhdudlaşmamalıdır. Tamştatlı sistem müəllim üçün əlavə məsuliyyət deməkdirsə, bunun qarşılığında layiqli əməkhaqqı, sosial təminat, iş yükünün düzgün planlaşdırılması və şəffaf qiymətləndirmə mexanizmləri də olmalıdır. Əks halda, müəllim daha çox işləyəcək, amma bunu motivasiyaedici dəyişiklik kimi qəbul etməyəcək. Bir məsələni də xüsusilə vurğulamaq istərdim. Bu islahat tətbiq olunarkən müəllimlərin öz fikirlərinin öyrənilməsi çox vacibdir. Çünki sistemi həyata keçirəcək əsas tərəf məhz müəllimlərdir. Onların rəyini dinləmədən qəbul edilən hər hansı dəyişiklik praktikada müəyyən çətinliklər yarada bilər. Ümumilikdə isə düşünürəm ki, tamştatlı müəllim modelinə keçid müəllim peşəsinin mahiyyətinə daha uyğun yanaşmadır. Əgər bu proses mərhələli şəkildə, kifayət qədər hazırlıqla və müəllimlərin sosial rifahı nəzərə alınaraq həyata keçirilərsə, həm müəllimlərin motivasiyası artar, həm məktəbdaxili əməkdaşlıq güclənər, həm də nəticə etibarilə şagirdlərin təhsil keyfiyyətinə müsbət təsir göstərər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən