Rus bölməsində oxumaq universitetə qəbul üçün üstünlükdürmü? - AÇIQLAMA

 13:24 01.07.2026     513

Azərbaycanda cəmiyyət arasında belə bir fikir formalaşıb ki, rus bölməsində təhsil alan şagirdlərin universitetə qəbul olunması Azərbaycan bölməsində oxuyanlarla müqayisədə daha asandır. Hətta bir çox insanlar hesab edir ki, rus bölməsində oxuyanlar üçün ali məktəbə qəbul olmaq, necə deyərlər, "iki vur iki" qədər sadədir.

Bəs bu fikir nə dərəcədə həqiqəti əks etdirir? Rus bölməsində təhsil alan şagirdlər üçün qəbul imtahanları həqiqətənmi daha asandır, yoxsa bu, cəmiyyətdə formalaşmış yanlış təsəvvürdür?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirdi ki, əslində bu fikirdə olan şəxslərin müəyyən qədər haqlı olduqları məqam var:

"Çünki rus bölməsində təhsil alan abituriyentlərin sayı Azərbaycan bölməsi ilə müqayisədə daha az olur. Bu səbəbdən bəzi illərdə və bəzi ixtisaslarda rəqabət nisbətən aşağı olur və keçid balları da Azərbaycan bölməsinə nisbətən bir qədər aşağı formalaşa bilir. Məhz bu hallar insanlarda “rus bölməsində oxumaq universitetə qəbul olmağı asanlaşdırır” fikrini yaradıb. Lakin nəzərə almaq lazımdır ki, rus bölməsi üzrə plan yerlərinin sayı da azdır və hətta elə olur ki, Azərbaycan bölməsində olan bəzi ixtisaslar rus bölməsində yoxdur. Ancaq bunu ümumiləşdirmək düzgün deyil. Bütün ixtisaslarda və bütün universitetlərdə vəziyyət eyni olmur. Bundan əlavə, imtahanın məzmunu və qiymətləndirmə prinsipləri eynidir. Fərq əsasən sualların təqdim olunduğu dildədir. Universitetə qəbulun əsas şərti yenə də abituriyentin bilik səviyyəsi və topladığı baldır. Yəni “rus bölməsində oxuyan hər kəs üçün universitetə qəbul olmaq çox asandır” demək doğru deyil. Bəzi hallarda rəqabətin fərqli olması səbəbindən qəbul prosesi nisbətən əlverişli ola bilər, lakin bu, hər kəsə və bütün ixtisaslara aid olan ümumi qayda deyil".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən