2300-dən çox məktəbin qoşulduğu "BilBacar" müsabiqəsinin nəticələri AÇIQLANDI
"Ötən il 8-10-cu siniflər arasında keçirilən müsabiqə bu il ibtidai sinif səviyyəsinə endirilərək 3 və 4-cü sinif şagirdləri arasında təşkil olunub".
Redaktor.az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsinin 2025/2026-cı tədris ili üzrə qaliblərinin mükafatlandırılması tədbirində səsləndirdi.
O vurğuladı ki, məzmun etibarilə tamamilə oxuyub-anlama, bədii və informativ mətnlərlə işləmək bacarıqlarına fokuslanan builki müsabiqə rəqəmsal platforma üzərindən reallaşıb:
"Şagirdlər kompüter vasitəsilə fərdi və komanda şəklində yarışıblar. Müsabiqə ərzində onların qarşısına oyun xarakterli və məntiqi düşünməni yoxlayan 250 interaktiv tapşırıq çıxıb. Ölkə üzrə 3 və 4-cü sinifdə oxuyan uşaqların 67%-i, yəni təxminən 190 000-ə yaxın şagird müsabiqəyə qoşulub. Prosesə ümumilikdə 2300-dən çox məktəb cəlb olunub ki, bunun da 1300-dən çoxu kənd və qəsəbə məktəbləridir.
Final və Qaliblər: 4 gərgin yarış mərhələsinin ardından 400 şagird finala vəsiqə qazanıb. Onların arasından isə 36 nəfər respublika üzrə qalib adını qazanıb.
Müsabiqədə oğlan və qızların iştirak balansı bərabər qorunub. Final mərhələsinə yüksələnlərin 55%-ni qızlar, 45%-ni isə oğlanlar təşkil edib. Yekunda isə 16 qız və 20 oğlan qalib kürsüsünə qalxıb. Qaliblərin coğrafi bölgüsü də respublikanın demək olar ki, bütün regionlarını əhatə edib. 11 şagird Bakı, 6 şagird Gəncə, 5 şagird Sumqayıt, 3 şagird Abşeron, 2 şagird İmişli, digərləri isə Ağsu, Balakən, Culfa, Qazax, Qəbələ, Kəlbəcər, Mingəçevir, Oğuz, Şabran və Şəki rayonlarını təmsil edərək yüksək nəticə göstəriblər".
NURİYYƏ












