"Bu gün ən vacib amil güclü insan kapitalıdır" - Aynur Sofiyeva
"Bugünkü sürətlə inkişaf edən dünyada ən vacib olan güclü insan kapitalıdır. Bunu formalaşdıran isə əlbəttə ki, bilikli, bacarıqlı, məsuliyyətli və vətənpərvər gənc nəslimizdir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Aynur Sofiyeva Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsinin 2025/2026-cı tədris ili üzrə qaliblərinin mükafatlandırılması tədbirində səsləndirdi.
Onun sözlərinə görə, dövlətimiz gənclərin potensialını reallaşdırması üçün bu istiqamətdə ardıcıl və mühüm layihələr icra edir:
"Bu tipli yarışmalar təkcə qalibləri müəyyən etmək məqsədi daşımır. Belə platformalar uşaqların daxili potensialının üzə çıxarılması, valideynlərin öz övladlarını kəşf etməsi, gənclərdə komanda ruhunun formalaşması və məsuliyyət hissinin gücləndirilməsi baxımından əvəzsiz rol oynayır. Ən böyük qalibiyyət hər bir sınaqdan sonra inkişaf baxımından bir addım irəli gedə bilməkdir. Biz rəqib kəlməsini ifadə edəndə, hər birimiz özümüzün yəni dünənki özümüzün rəqibi olmalıyıq və daim öz üzərimizdə çalışmalıyıq”.
NURİYYƏ












