"Uğursuzluğun səbəbini imtahan suallarında axtarmağa başlayırlar" - Narazılara müəllimdən CAVAB

 18:45 01.07.2026     1656

"Son zamanlar imtahan suallarının çətinlik dərəcəsi ilə bağlı müzakirələr durmadan artır. Buraxılış imtahanları, Müəllimlərin işə qəbulu (MİQ), müəllimlərin sertifikatlaşdırılması və digər imtahanların müxtəlif fənlər və regionlar üzrə fərqli tarixlərdə keçirilməsi bu müzakirələrin əsas səbəblərindən biridir".

Bunu Redaktor.az-a müəllim, təhsil eksperti Tuqay Rzazadə bildirdi.

Onun fikrincə, bu cür müzakirələrdə namizədlər heç də hər zaman haqlı olmurlar:

"Çünki bir çox hallarda rəsmi açıqlamalar və statistik məlumatlar təqdim edildikdən sonra görürük ki, səsləndirilən iddialar öz təsdiqini tapmır. Əslində, bu fikirlərin bir qismi imtahandan narazı qalan insanların emosional gərginliyindən qaynaqlanır. Bu isə başadüşüləndir. İnsanlar aylarla, bəzən isə illərlə imtahana hazırlaşırlar. Lakin imtahan günü müxtəlif obyektiv və ya subyektiv səbəblərdən istədikləri nəticəni əldə edə bilmədikdə, bəzi hallarda uğursuzluğun səbəbini imtahan suallarında axtarmağa başlayırlar. Bu məsələdə Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun əsas nöqsanlarından biri iddialarla bağlı vaxtında rəsmi açıqlama verməməsidir. Çünki belə iddialar hər zaman olacaq və onlara vaxtında aydınlıq gətirilmədikcə narazılıqlar daha da artacaq".

 

Müsahibimiz son sertifikatlaşdırma imtahanlarında tarix fənni üzrə səsləndirilən iradlardan da danışdı:

"Qeyd etmək istərdim ki, ölkənin ən böyük elm və təhsil platformasının rəhbəri olaraq deyə bilərəm ki, narazılıqlar təkcə tarix fənni ilə məhdudlaşmırdı. Biologiya, texnologiya və musiqi fənləri üzrə də oxşar iddialar səsləndirilirdi. Sosial şəbəkələrdə apardığımız monitorinqlər zamanı bəzi müəllimlər biologiya və tarix fənləri üzrə sertifikatlaşdırmaya cəlb olunmuş müəllimlərin guya 85 faizinin uğursuz olduğunu, texnologiya fənni üzrə isə 4 sualın düzgün tərtib edilmədiyini iddia edirdilər. Lakin ADA Universitetində keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayevin hər üç fənn üzrə təqdim etdiyi rəsmi statistik məlumatlar göstərdi ki, bu iddialar həqiqəti tam əks etdirmir".

T.Rzazadənin sözlərinə görə, bəzən belə bir fikir səsləndirilir ki, əgər çoxluq eyni narazılığı ifadə edirsə, deməli, həmin fikir doğrudur:

"Mən isə bununla razı deyiləm. Əks arqument olaraq sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərmiş və sualların həddindən artıq çətin olmadığını bildirən müəllimlərin müsahibələrini göstərmək olar. Göründüyü kimi, sözügedən fənlər üzrə imtahan suallarının həqiqətən digər fənlərlə müqayisədə daha çətin olub-olmadığını dəqiq müəyyənləşdirmək asan deyil. Çünki burada iki tərəf mövcuddur: imtahana cəlb olunmuş müəllimlər və imtahanı təşkil edən Elm və Təhsil Nazirliyi. Hər iki tərəf öz mövqeyini əsaslandırmağa çalışır. Məsələnin reallıq tərəfi isə ondan ibarətdir ki, bu cür narazılıqlar demək olar ki, hər il yaşansa da, indiyədək hər hansı fənn üzrə imtahan nəticələri ləğv edilməyib. Çünki belə bir qərar minlərlə yüksək nəticə göstərmiş müəllimin hüquqlarının pozulmasına səbəb ola bilər".

Həmsöhbətimiz vurğuladı ki, problemin həlli ilə bağlı Elm və Təhsil Nazirliyinə öz təklifini təqdim edib:

"Hesab edirəm ki, narazılıq doğuran suallar imtahan nəticəsindən narazı qalan müəllimlərin, sualları hazırlayan Azərbaycan Təhsil İnstitutunun nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə ictimai müzakirə formatında təhlil edilməlidir. Bu müzakirələr media vasitəsilə ictimaiyyətə açıq şəkildə təqdim olunarsa, həm şəffaflıq təmin olunar, həm də cəmiyyətin imtahanlara olan etimadı daha da artar. Elm və təhsil nazirinin metodik məsələlərə daha çox diqqət yetirilməsi, metodika suallarının sayının artırılması və ya imtahan modelində müəyyən dəyişikliklərin edilməsi ilə bağlı fikirlərinə gəlincə isə hesab edirəm ki, təkcə bu addımlarla gələcəkdə yaranacaq bütün narazılıqların qarşısını almaq mümkün olmayacaq. Çünki imtahanlarda nəzəri bilikləri ölçən suallar olduğu müddətdə fərqli yanaşmalar və narazılıqların olması qaçılmazdır. Əsas məsələ bu narazılıqların şəffaf, peşəkar və obyektiv şəkildə araşdırılması, ictimaiyyətə əsaslandırılmış izahların verilməsidir. Bu yanaşma həm imtahan prosesinə inamı artıracaq, həm də gələcək mübahisələrin daha sağlam müstəvidə həllinə xidmət edəcək".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən