Məktəblərdə süni intellekt dərsləri keçiriləcək? - Deputat AÇIQLADI

 17:22 01.07.2026     816

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında qeyd edib ki, məktəblərdə şagirdlərə süni intellektin öyrədilməsi asan deyil. Nazirin sözlərinə görə, şagirdlərə süni intellekti öyrətmək üçün əvvəlcə bu sahə üzrə bilikli və hazırlıqlı müəllimlər yetişdirilməlidir.

Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu gün, əgər konkret sahələrdən söhbət getmirsə, bütün məktəblərdə süni intellektlə bağlı tədrisə ehtiyac yoxdur:

"Ancaq dar sahələr üzrə buna ehtiyac ola bilər. Biz nə edə bilərik? Hesab edirəm ki, burada ata biləcəyimiz əsas addım o olacaq ki, biz sadəcə uşaqlara məlumat və bilgi verməliyik. Yəni uşaqlar süni intellektdən savadlı istifadəni bilməlidirlər. Kadrın yetişdirilməsi məsələsi Elm və Təhsil Nazirliyi və universitetlərimizin üzərinə düşən bir vəzifədir. Bunu Elm və Təhsil Nazirliyi universitetlərimizlə birlikdə etməlidir. Amma burada əsas, bu dəqiqə prioritet məsələ bu deyil. Prioritet, hesab edirəm ki, ümumi bilgilərin verilməsi ola bilər və biz bu barədə düşünməliyik. Amma bütün məktəblərimizdə bunun tədrisinə ehtiyac var, bu sahə üzrə bu gün bizə mütəxəssislər lazımdır desək, mən hesab edirəm ki, hələ ki, buna ciddi zərurət yoxdur. Biz sadəcə, hələ ki, ümumi məlumatların və bilgilərin verilməsi barədə düşünməliyik. Digər məsələlər isə gələcəyə doğru həllini tapa biləcək məsələlərdir və zamanla öz həllini tapacaq. İndi prioritet olan məsələ sırf ümumi bilgilərin verilməsidir və hesab edirəm ki, bununla bağlı müəyyən vəsaitlərin hazırlanmasına, müəyyən bilgilərin verilməsinə də ciddi ehtiyac var".                                                                                         

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən