Məktəb fənləri süni intellekt tərəfindən tədris olunacaq? - CAVAB
"Biz dünya dövlətlərindən kənarda qala bilmərik. Artıq süni intellekt elmə, təhsilə, hətta məişətimizə qədər gəlib çıxıb. Ona görə də artıq süni intellektin imkanlarından düzgün istifadə etməyə çalışmalıyıq. Yəni bu qaçılmazdır. Bu, bütün sahələr üzrə birmənalı tətbiq olunacaq. O cümlədən də elmə, təhsilə, yəni ona aid olan digər elementlərin hər birində biz onu görə biləcəyik. Sadəcə olaraq, süni intellektdən düzgün istifadəyə sövq etmək ibtidai siniflərdən başlamalıdır, bu istiqamət düzgün götürülməlidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli süni intellektin təhsilə təsirindən danışarkən səsləndirdi.

"Elm və Təhsil Nazirliyi də özü açıqlama vermişdi ki, bir neçə ildən sonra bəzi dərsliklər sıradan çıxacaq. Sadəcə olaraq, mən düşünürəm ki, bizim dərslikləri süni intellektin ancaq bir neçə fəndə əvəz etməsi bir az müşkül görünür. Çünki onun tətbiqi bir az çətin olacaq. Məsələn, ədəbiyyat, coğrafiya, bizim tariximizdir ki, bunlar birbaşa təmas olmadan mümkün deyil.
Hətta UNESCO-nun rəsmiləri belə bildirirdilər ki, süni intellektin tətbiqi ancaq şəxslərin vasitəsilə olmalıdır. Yəni böyük ehtimalla bundan sonra da hələ insan faktoru rol oynayacaq. Demirəm, bu böyük təsirsiz ötüşəcək, amma süni intellektin tam mənasında bizim elmimizə, təhsilimizə, digər sahələrə 100 faiz oturuşmasını təsəvvür edə bilmirəm. Bizim hələ bəzi sahələrimiz var ki, burada insan amili hələ ki hökmranlıq edəcək", - deyə o bildirdi.
Aytəkin TOFİQQIZI












