Uşaqların sayının azalması müəllim ixtisarlarına səbəb ola bilər - AÇIQLAMA

 14:53 02.07.2026     1352

"Hazırda müəllim kimi fəaliyyət göstərmək üçün şərtlərdə müəyyən çətinliklər var. Açığı, buna tam mənada çətinləşmə də deməzdim. Çünki müəllim qəbulu vahid mərkəzləşdirilmiş imtahan əsasında həyata keçirilir. Həmin qəbuldan müəyyən müddət sonra isə müəllimlərin ümumi bilik və bacarıqları yenidən qiymətləndirilir. Burada sertifikasiya prosesini nəzərdə tuturam və onu xüsusilə vurğulamaq istəyirəm".

Bu barədə Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirdi.

Onun sözlərinə görə, sertifikasiyanın keçirilməsində məqsəd MİQ imtahanı verən müəllimin həmin vaxt əldə etdiyi nəticənin sonrakı dövrdə də qüvvədə olub-olmadığını müəyyənləşdirməkdir.

"Eyni zamanda yoxlayırıq ki, yeni təlim metodları və dərsliklərdə tətbiq olunan yeniliklər müəllim tərəfindən mənimsənilibmi və tədris prosesində tətbiq edilirmi. Məhz buna görə də sertifikasiya prosesi mühüm əhəmiyyət kəsb edir. Vakant yerlərin olmaması məsələsinə gəlincə, bu, sertifikasiya ilə deyil, birbaşa MİQ imtahanının nəticələri ilə bağlıdır. Çünki MİQ yalnız vakant yerlər üzrə keçirilən müsabiqə əsasında müəllim qəbulunu təmin edir. Burada hər il müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, təxminən 55-60 min nəfər müsabiqəyə qatılır. Onlar maksimum 8-9 min, minimum isə 3-4 min vakant yer uğrunda mübarizə aparırlar. Bu rəqəmlər ildən-ilə dəyişir. Nəticədə əmək bazarında kifayət qədər pedaqoji təhsilli, lakin müəllim kimi fəaliyyət göstərə bilməyən insanlar formalaşır. 'İşsiz ordu' dedikdə məhz bunu nəzərdə tuturam. Onların böyük əksəriyyəti ya repetitorluqla məşğul olur, ya da başqa sahələrdə işləyir. Müsabiqədən keçə bilmədikləri üçün fərqli istiqamətlərə üz tuturlar. Bununla yanaşı, hər il 55-60 min namizəd müsabiqəyə qatıldığı kimi, ali təhsil müəssisələri də hər il yeni pedaqoji kadrları əmək bazarına buraxır".

Ekspert qeyd etdi ki, gələcəkdə pedaqoji ixtisaslar üzrə plan yerlərinin azalmasına təsir edəcək əsas iki amil var:

"Birincisi, hazırda təhsil müəssisələrində optimallaşdırma və rasionallaşdırma çərçivəsində məktəblərin birləşdirilməsi prosesi gedir. Şagird sayı az olan məktəblər şagird sayı çox olan məktəblərlə birləşdirilir. Bunun nəticəsində məktəblərin sayı azalır və bu da pedaqoji heyətə olan tələbatın azalmasına səbəb olur.
İkinci və ən mühüm amil isə əhalinin təbii artım tempinin aşağı düşməsidir. Son illərdə müşahidə edirik ki, doğulan uşaqların sayı təxminən 90-100 min civarındadır. Halbuki 2017-ci ilə qədər bu göstərici artan dinamika nümayiş etdirirdi. Həmin dövrdə illik doğum sayı 150 min, 160 min, 170 min, hətta 180 minə qədər çatmışdı".**

Müsahibimizin fikrincə, uşaqların sayının azalması ilk növbədə məktəbəqədər təhsil müəssisələrinə təsir göstərəcək:

*Burada uşaqların sayının azalması səbəbindən kütləvi müəllim ixtisarları gözlənilir. Növbəti mərhələdə bu proses ibtidai təhsil pilləsinə təsir edəcək və burada da müəllim sayının azalacağı ehtimal olunur. Sonrakı mərhələdə isə bu amil ümumi orta təhsil pilləsində çalışan fənn müəllimlərinə təsir göstərəcək. Bütün bunlar onu deməyə əsas verir ki, pedaqoji ixtisaslar üzrə plan yerlərinin tədricən azaldılması istiqamətində qərarlar qəbul edilməlidir.
Bundan əlavə, plan yerlərinin azalmasına təsir göstərə biləcək digər bir amil də var. Bu isə yaxın illər üçün deyil, daha uzaq perspektiv üçün nəzərdə tutulur. Söhbət onlayn tədrisin genişlənməsindən və süni zəkanın yaratdığı imkanlardan gedir. Gələcəkdə müəllimlərin canlı dərsdən daha çox onlayn tədris modelinə üstünlük verməsi və ya müəyyən mənada prosesdən kənarlaşması ehtimalı mövcuddur. Bu amil də yaxın dövr üçün olmasa da, gələcəkdə nəzərə alınmalı məsələlərdən biridir. Bütün bu amilləri nəzərə alaraq hesab edirəm ki, növbəti illərdə pedaqoji ixtisaslar üzrə plan yerlərinin mütləq şəkildə azaldılması istiqamətində addımlar atılmalıdır", - deyə Elçin Əfəndi fikrini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən