Sertifikasiyada kurikulum sualları artırılır - Müəllimləri nə gözləyir?

 17:15 03.07.2026     1199

"Elm və təhsil naziri Emin Əmrullayev sertifikasiya müsabiqəsinin test imtahanı mərhələsində metodika üzrə sualların sayının artırılacağını bildirib. Doğrusu, mən də ikinci beşillik sertifikatlaşdırma mərhələsində bəzi yeni qaydaların tətbiq olunacağını düşünürəm. Bu yeniliklər 2027-2032-ci illəri əhatə edəcək. Fikrimcə, bir sıra dəyişikliklər olacaq. Həmin dəyişikliklərin bəziləri müəllimlər tərəfindən müsbət qarşılanacaq, bəziləri isə narazılıq yaradacaq".

Bu barədə Redaktor.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirdi.

Onun sözlərinə görə, metodika üzrə sualların sayının artırılması müəllimlərin ürəyincə deyil:

"Çünki müəllimlərin əksəriyyəti məhz metodika suallarında çətinlik çəkir. Onların bir qismi öz fənni üzrə sualları uğurla cavablandırsa da, metodika suallarında çətinlik yaşayır. Müəllimlər sualların fərqli formada təqdim edildiyini və çərçivə sənədlərinə uyğun gəlmədiyini iddia edirlər. Bəzən elə sual nümunələri göstərirlər ki, "belə də sual olar?" deyə etiraz edirlər.

Bu məsələyə münasibət bildirə bilmərəm. Çünki metodika üzrə birbaşa mütəxəssis deyiləm. Ona görə də suallarla bağlı müəllimlərin doğru olub-olmadığını deyə bilmərəm. Ancaq metodika ilə bağlı müəyyən dolaşıqlığın olduğunu deyirlər. Mən isə bu fikirlə razı deyiləm. Əgər belə bir problem olsaydı, son beş il ərzində bu məsələ daha geniş şəkildə gündəmə gətirilərdi. Axı 2021-ci ildə başlanan prosesdə niyə metodika sualları yalnız 2026-cı ildə bu qədər müzakirə olunmağa başladı? Əvvəlki illərdə kurikulumla bağlı suallar barədə bu cür narazılıqları eşitmirdik.

Bununla belə, 100 faiz əminəm ki, müəllimlər bu dəyişikliyi müsbət qarşılamayacaqlar. Hesab edirəm ki, dəyişiklik ediləcəksə, onun müəllimlərin xeyrinə olması daha məqsədəuyğundur. Yəni müəllimlərin rahatlığı da nəzərə alınsa, daha yaxşı olar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən