"Məktəbdə telefon qadağası uşağın diqqəti və sosial inkişafı üçün vacibdir" - Pedaqoq
"Məktəbin əsas funksiyası uşağı həyata hazırlamaqdır. Əgər mobil telefon məktəb mühitində uşağın diqqətinə, öyrənmə bacarığına, sosiallaşmasına və şəxsiyyət kimi formalaşmasına mane olursa, əlbəttə ki, onun məktəbdə istifadəsi məhdudlaşdırılmalı və ya qadağan olunmalıdır. Çünki bu məsələdə nə müəllim hər zaman müdaxilə edə bilir, nə də təkcə müəllimin verdiyi təlimat kifayət edir".
Bu fikirləri Redaktor.az-a pedaqoq, Valideyn Məktəbinin təsisçisi, "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə şagirdlərin dərs və məşğələ müddətində mobil telefon, planşet, ağıllı saat və digər analoji cihazlardan istifadəsinin qadağan olunmasını şərh edərkən bildirdi.
Onun fikrincə, məktəbəqədər və ibtidai sinif dövrü uşağın beyin inkişafının ən vacib mərhələlərindən biridir:
"Bu yaşda uşağın ən böyük ehtiyacı hərəkət etmək, oynamaq, sosiallaşmaq, sinif yoldaşları və müəllimləri ilə ünsiyyət qurmaqdır. Hətta oyun zamanı uşaqların bir-biri ilə mübahisə etməsi, daha sonra barışması belə onların sosial inkişafında mühüm rol oynayır. Məhz bu proseslər zamanı empatiya hissi formalaşır, müşahidə bacarığı inkişaf edir və sosial münasibətlər öyrənilir. Ancaq telefona aludə olan uşaq bu təbii inkişaf prosesindən kənarda qalır. Ona görə də məqsəd uşağın əlindən telefonu almaq deyil. Daha vacib olan uşağa telefondan düzgün istifadə etməyi öyrətməkdir. Eyni zamanda onun həyatında telefonu əvəz edəcək sosial münasibətlər, faydalı fəaliyyətlər və yeni maraqlar formalaşdırmaq lazımdır. Əsl məqsəd məktəbdə telefonu qadağan etmək deyil. Bu qərarın əsas məqsədi məktəblinin diqqətini gücləndirmək, ünsiyyətini daha sağlam istiqamətdə inkişaf etdirmək və psixoloji cəhətdən daha dayanıqlı nəslin formalaşmasına töhfə verməkdir".
Müsahibimiz qeyd etdi ki, problemi yalnız mobil telefonun üzərinə qoymaq doğru olmaz:
"Telefon sadəcə bir vasitədir. Əsas məsələ uşağa bu vasitədən düzgün istifadə etməyi öyrətməkdir. Məktəbdə telefonun problem yaratmasının səbəbi odur ki, müasir smartfonlar uşağın beynini davamlı şəkildə müxtəlif stimullarla məşğul olmağa alışdırır. Halbuki dərs elə bir prosesdir ki, uşağın bütün diqqəti öyrənməyə yönəlməlidir. Yalnız bu halda təlim prosesi daha səmərəli olur. Bundan başqa, mobil telefon uşaqlar arasında canlı ünsiyyəti də azaldır. Tənəffüsdə uşaqların birlikdə oynaması, söhbət etməsi, ünsiyyət qurması onların sosial bacarıqlarının inkişafı üçün vacibdir. Telefon isə bu təbii ünsiyyətin qarşısını alır və nəticədə həmin bacarıqlar zəifləyir. Digər mühüm məqam sosial şəbəkələrdən istifadə ilə bağlıdır. Dərs zamanı sosial şəbəkələrə daxil olmaq, video çəkmək, paylaşmaq və bəyənilmə gözləmək uşaqlarda diqqət dağınıqlığı yaradır. Eyni zamanda onlar özlərini başqaları ilə müqayisə etməyə başlayırlar ki, bu da çox vaxt yanlış meyarlar üzərində qurulur. Bəyənilmə ehtiyacı və kifayət qədər bəyənmə almamağın yaratdığı emosional gərginlik uşağın diqqətini tamamilə başqa istiqamətə yönəldir. Zaman keçdikcə isə bu davranış forması uşağın həyat tərzinə çevrilə bilir".
Pedaqoqun sözlərinə görə, məktəblərdə mobil telefonlardan istifadənin məhdudlaşdırılması və ya qadağan olunması uşaqların diqqət, öyrənmə və sosial bacarıqlarının inkişafına xidmət edən bir addımdır:
"Bu baxımdan mən düşünürəm ki, bu qərarı müsbət qiymətləndirmək lazımdır. Ancaq burada valideyn faktoru da ən az məktəb qədər önəmlidir. Məktəbdə telefon qadağan olunsa belə, uşaq evdə saatlarla telefondan istifadə edirsə, problemin həlli mümkün olmayacaq. Valideyn telefon istifadəsinə nəzarəti gücləndirməli, uşağın həyatına onu əvəz edəcək fəaliyyətlər daxil etməlidir. Əgər uşaq yeməyini telefona baxaraq yeyirsə, ailə söhbətləri telefonla əvəz olunursa və ya valideyn öz işini rahat görmək üçün uşağa telefon verirsə, artıq telefon uşağın həyat tərzinin və davranış mədəniyyətinin bir hissəsinə çevrilir. Buna görə də valideyn nəzarəti vacibdir. Məqsəd uşağın telefondan faydalı bir vasitə kimi istifadə etməsini təmin etmək, mobil telefonun onun sosial münasibətlərinə, ünsiyyətinə və inkişafına mane olmasının qarşısını almaqdır", - deyə A.Rəsulzadə yekunlaşdırdı.
Xədicə BAXIŞLI












