"DİM-ə olan etimad və inam kifayət qədər zəifləyib" - Məzahir Məmmədli

 15:19 06.07.2026     1007

Müəllimlərin sertifikasiya imtahanlarının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsi ilə bağlı təkliflər müzakirələrə səbəb olub. Məsələ ilə bağlı fikirlər birmənalı deyil.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli hesab edir ki, hazırkı şəraitdə sertifikasiyanın DİM-ə həvalə edilməsi məqsədəuyğun deyil və bunun üçün əsaslı zərurət görünmür.

Onun sözlərinə görə, DİM-ə olan etimad və inam əvvəlki illərlə müqayisədə kifayət qədər zəifləyib:

"Təkcə ötən ilin statistikasına baxsaq, 11 mindən artıq şəxs apellyasiya müraciəti edib. Düzdür, bu ilin nəticələri hələ açıqlanmayıb. Həm də DİM bu ildən belə bir təşəbbüs irəli sürmək istəyir ki, apellyasiya müraciətləri pullu olsun. Yəni bu, müəyyən qədər apellyasiya müraciətlərindən çəkindirmək məqsədi güdür. Apellyasiya müraciəti o halda yaranır ki, keçirilmiş imtahanlarla bağlı müəyyən etimadsızlıq, yaxud sualların tərtibatı və işin təşkili ilə bağlı narazılıqlar olur. Əgər bir imtahanın keçirilməsi ilə bağlı 10 mindən çox narazılıq ifadə olunursa, bu artıq o deməkdir ki, DİM sertifikasiyanı keçirməkdən əvvəl öz işinə yenidən baxmalıdır".

Müsahibimiz belə təşəbbüs edənlərə təəccüblə baxdığını da bildirdi:

"Düşünürəm ki, bu, müəyyən qurumlarla şəxsi münasibətlərdən irəli gələn məsələdir. Amma mən hesab etmirəm ki, müəllimlərin işə qəbulu və ya sertifikasiyanın keçirilməsi DİM-ə verilsə, yaxşı nəticə əldə olunacaq. Bu gün üçün həm müəllimlərin işə qəbulu imtahanları, həm də sertifikasiya, xırda narazılıqları nəzərə almasaq, kifayət qədər normal qəbul olunur. O baxımdan, bu məsələ hələ müzakirə mövzusu deyil. Bu isə o deməkdir ki, yaxın bir neçə il ərzində həm sertifikasiyanın, həm də MİQ-in Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi gözlənilmir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən