Sertifikasiyadan keçməyən müəllimlərə çağırış: Məktəblərdən özləri getsinlər

 14:07 07.07.2026     2712

"Sertifikasiya imtahanında müsbət nəticə ala bilməyən və bir il müddətində də artıq müəyyən bir nəticə ala bilməyən müəllimlərin özləri könüllü olaraq təhsil prosesindən kənarda qalmalıdırlar. Çünki ya öz ixtisaslarını təkrar oxuyub, özünü təkmilləşdirib müəllimlərin işə qəbulu (MİQ) imtahanı ilə özünü doğruldaraq təkrar təhsil müəssisələrinə qayıda bilərlər və yaxud da ki, başqa bir fəaliyyətlə məşğul olsunlar. Çünki biz sertifikasiya imtahanında bəzi müəllimlərin öz ixtisasları üzrə işləmədiyinin şahidi olduq. İbtidai sinif müəllimi var idi ki, kitabxanaçılıq qurtarıb və yaxud da başqa bir peşəni qurtarıb ibtidai sinif müəllimi kimi fəaliyyət göstərirdi. Bu da yolverilməzdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev səsləndirdi.

"Ali təhsil müəssisələrinin dördüncü kursunu bitirən və yaxud da ki, əvvəlki illərdə ali təhsil müəssisəsini pedaqoji ixtisaslar üzrə bitirən yüzlərlə gənclərimiz var ki, hal-hazırda vakansiyalar gözləyir. MİQ imtahanında iştirak etsələr də, MİQ imtahanında vakansiyaların sayının məhdudluğu onların iş əldə etmələrinə müəyyən qədər mənfi təsir göstərir. Ona görə də mənim düşüncəm budur: sertifikasiya imtahanından kəsilənlər təkrar MİQ imtahanına cəlb olunsunlar. MİQ imtahanında əgər müsbət nəticə əldə edərlərsə, işlərinə qayıda bilərlər".

Müsahibimizin istəyi gənc kadrların, xüsusilə də enerjili olan gənc kadrların, ali təhsil müəssisəsini yeni bitirmiş gənclərimizin MİQ imtahanı vasitəsilə orta ümumtəhsil məktəblərinə tədris prosesinə cəlb olunması, əmək fəaliyyətinə başlamasıdır:

"Eləcə də bununla yanaşı, pedaqoji ixtisasların sayının azaldılmasını da təklif edirəm. Yəni pedaqoji ixtisasların ali təhsil müəssisələrində sayı azalmalıdır, keyfiyyət artırılmalıdır. Kəmiyyətə üstünlük deyil, keyfiyyətə üstünlük verilməlidir.

Pedaqoji ixtisaslar bəzi ali təhsil müəssisələrindən çıxarılmalıdır. Xüsusilə də bu ixtisasların özəl ali təhsil müəssisələrinin əksəriyyətində tədrisinə icazə verilməməlidir. Bu məsələdə yalnız özünü doğrultmuş ali təhsil müəssisələri istisna təşkil edə bilər. Məsələn, “Xəzər” Universiteti uzun illər ərzində formalaşdırdığı nüfuz və təhsil keyfiyyəti ilə özünü təsdiqləmiş ali məktəblərdən biridir.

Ümumilikdə isə pedaqoji ixtisasların yalnız özünü doğrultmuş, güclü akademik bazaya və peşəkar kadr hazırlığı imkanlarına malik ali təhsil müəssisələrində saxlanılması daha optimal yanaşma hesab oluna bilər.

Düşünürəm ki, bu istiqamətdə yəqin ki, müvafiq addımlar atılacaq. Məsələn, regionda olan bəzi ali təhsil müəssisələrində pedaqoji ixtisasların keçid balı aşağıdır. Yəni əslində pedaqoji ixtisasların sayı azaldığı təqdirdə keçid balının da aşağı olmaması, əlbəttə ki, daha savadlı kadrların bu istiqamətə cəlb olunmasına təsir göstərəcək".

Həmsöhbətimiz vurğuladı ki, Sinqapur modeli uyğun modeldir:

"Sinqapur modelini təklif edə bilərəm. Sinqapurda yüksək bal toplayanlar ancaq pedaqoji ixtisaslara müraciət edə bilər. Aşağı bal toplayanlar pedaqoji ixtisasları seçə bilmirlər. Bizdə də bu tətbiq oluna bilər. Biz say azaltdığımız təqdirdə, keyfiyyəti artırdığımız təqdirdə, bu, gələcək nəsillərə də, əlbəttə ki, müəllim kimi işləyənlərə də müəyyən qədər təsir göstərəcək. Yəni 200-250 balla pedaqoji ixtisaslara qəbulu qətiyyən arzulamıram. Arzuladığım daha yüksək bal toplayanların, daha potensiallı olanların müəllimlik ixtisaslarına qəbul olunması və gələcəkdə də müəllimlik peşəsinə savadlı kadrların sahib olmasıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən