"Təhsilin inkişafı yalnız məktəbdə görülən işlərlə məhdudlaşmamalıdır" - Günay Əkbərova
"Təhsil Şurası İctimai Birliyi ictimai maarifləndirmə fəaliyyətinə xüsusi önəm verir. Bu istiqamətdə təhsilin aktual problemləri ilə bağlı televiziya, radio və sosial media layihələrinin həyata keçirilməsi, valideynlər üçün maarifləndirici seminarların təşkili, həmçinin təhsil mövzusunda elektron jurnal və ya bülletenin nəşri diqqət mərkəzində olacaq".
Bu fikirləri Təhsil Şurası İctimai Birliyinin yeni sədri, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə səsləndirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bu yanaşmanı yüksək qiymətləndirdiyini bildirdi:
"Bu gün təhsilin inkişafı yalnız məktəbdə görülən işlərlə məhdudlaşmır. Cəmiyyətin, xüsusilə də valideynlərin düzgün məlumatlandırılması, təhsil mövzularının mediada mütəmadi müzakirə olunması və sağlam ictimai dialoqun qurulması ən azı tədris prosesinin özü qədər vacibdir.
Bu baxımdan professor Hikmət Əlizadə uzun illərdir təhsilin inkişafı istiqamətində çalışan, sahənin problemlərini yaxından bilən və daim təhsil təəssübkeşliyi ilə seçilən ziyalılardandır. Onun elmi fəaliyyəti ilə yanaşı, ictimai mövqeyi və təhsil məsələlərinə həssas yanaşması da hər zaman diqqət çəkib".
O hesab edir ki, Təhsil Şurası İctimai Birliyinin yeni rəhbərliyi dövründə ictimai maarifləndirməyə xüsusi diqqət ayrılması çox düzgün yanaşmadır.
"Valideynlər üçün seminarların təşkili, televiziya və radio layihələrinin hazırlanması, sosial media üzərindən maarifləndirici fəaliyyətin genişləndirilməsi, eləcə də elektron nəşrlərin yaradılması cəmiyyətin təhsillə bağlı məlumatlılığının artmasına mühüm töhfə verə bilər.
İnanıram ki, Hikmət müəllimin rəhbərliyi ilə bu təşəbbüslər daha sistemli şəkildə həyata keçiriləcək, təhsil ictimaiyyətini, müəllimləri, valideynləri və ekspertləri bir araya gətirən səmərəli platformalar formalaşacaq. Nəticədə bu fəaliyyətlər ölkəmizdə təhsil mühitinin daha da güclənməsinə və ictimai iştirakçılığın genişlənməsinə mühüm töhfə verəcək", - deyə Günay Əkbərova vurğuladı.
NURİYYƏ













