“Universitetlər süni intellektlə bağlı beynəlxalq təcrübəsini Azərbaycana gətirməlidir” - Fariz İsmayılzadə
Bildiyimiz kimi, hazırda süni intellekt dövründə yaşayırıq və bu texnologiyaların öyrənilməsi günümüzün ən vacib məsələlərindən birinə çevrilib.
Bəs süni intellekt üzrə biliklərin tədrisi bütün universitetlərdə və bütün ixtisaslar üzrə məcburi fənn kimi tətbiq olunmalıdırmı?
Millət vəkili Fariz İsmayılzadə Redaktor.az-a bildirdi ki, bu, doğrudan da çox önəmli mövzudur və dünya miqyasında əsas trendlərdən biridir. Onun sözlərinə görə, Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır:
"Bildiyiniz kimi, Prezidentin sərəncamı ilə bu sahə üzrə xüsusi şura yaradılıb və şuraya Mehriban xanım Əliyeva rəhbərlik edir. Bu da bir daha göstərir ki, dövlət bu məsələyə böyük önəm verir və onu prioritet istiqamətlərdən biri hesab edir. Ümid edirik ki, Mehriban xanımın rəhbərliyi altında dövlət qurumları arasında sıx koordinasiya təmin olunacaq və Azərbaycan bu sahədə dünya trendlərindən geri qalmayacaq. Eyni zamanda, dünyada baş verən texnoloji yeniliklər və süni intellekt həlləri ölkəmizdə də həm dövlət, həm də özəl sektorda geniş şəkildə tətbiq ediləcək".
Deputat qeyd etdi ki, bu prosesin ən vacib amili insan kapitalıdır:
"Burada əsas rol ixtisaslı kadrlara, mühəndislərə və informasiya texnologiyaları mütəxəssislərinə məxsusdur. Bu baxımdan universitetlərin üzərinə də böyük məsuliyyət düşür. Ali təhsil müəssisələri beynəlxalq təcrübəni ölkəyə gətirməli, ikili diplom proqramları, bakalavr və magistr ixtisasları yaratmalı, elmi tədqiqatların həcmini artırmalıdır. Bununla yanaşı, əmək bazarının tələblərinə uyğun yeni ixtisasların yaradılmasında da çevik yanaşmanın tətbiqi vacibdir. Bu, ölkənin süni intellekt və rəqəmsal texnologiyalar sahəsində rəqabət qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verəcək".
Xədicə BAXIŞLI













