Azərbaycanda təhsillə bağlı yeni təklif: "Bütün pillələrdə tətbiq edilməlidir"
Millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilir.
Məsələ ilə bağlı Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd etdi ki, biz milli və dünyəvi ümumi təhsil sistemi qurmağa çalışırıqsa, burada ilk növbədə üstünlük verəcəyimiz məsələ qanunvericilik bazasının formalaşdırılmasıdır.
Onun sözlərinə görə, sonrakı mərhələdə bərabər təhsil imkanlarının yaradılması, həmçinin oxuyanlar üçün əlçatanlığın, yəni təhsil əlçatanlığının təmin olunması istiqamətində işlərin görülməsi və s. kimi amillər diqqətə çatdırılmalıdır:
"Yeniliyə, təbii ki, yanaşma müsbətdir. Biz, istənilən halda, təkcə milli tarix, ədəbiyyat, o cümlədən incəsənət və sair deyil, eyni zamanda dünya tarixi, dünya mədəniyyəti, incəsənəti və sairi də təhsil sistemində istifadə edirik və daha da şaxəli və əlaqəli istifadə etməyimiz üçün burada təkcə dərsliklərlə də kifayətlənməməliyik. Son dövrlər rəqəmsal yanaşmalar və rəqəmsal texnologiyalarla iş dünyanın inkişaf etmiş ölkələrində və təhsil göstəricisi yüksək olan ölkələrində daha çox əlçatanlığı təmin edir. Bu baxımdan düşünürəm ki, biz də məhz dünyəvilik prinsipində daha geniş məlumatlandırma ilə bağlı, yəni süni zəkanın vermiş olduğu imkanları da təhsilə inteqrasiya etməklə bu istiqamətdə nəzərdə tutulan tədris prosesini həyata keçirə bilərik. Əgər məqsəd dünyəvi ümumi təhsil sisteminin qurulmasıdırsa, bu yanaşma təhsilin bütün pillələrini – məktəbəhazırlıq, məktəbəqədər təhsil, ümumi təhsil, inklüziv təhsil, orta ixtisas və ali təhsil də daxil olmaqla bütün sahələri əhatə etməlidir".
Aytəkin TOFİQQIZI













