Məktəblərdə millilik və dünyəvilik necə tətbiq olunacaq? - Yeni qanunla bağlı AÇIQLAMA

 14:28 09.07.2026     2328

Xəbər verdiyimiz kimi, millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilir. Bu, Milli Məclisin ötən günlərdə keçirilən iclasında müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Redaktor.az-a danışan Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, millilik və dünyəvilik prinsiplərinin "Ümumi təhsil haqqında" Qanunda dövlət siyasətinin əsas istiqamətləri sırasında ayrıca təsbit olunmasını müsbət qiymətləndirir.

Həmsöhbətimiz hesab edir ki, bu dəyişiklik milli kimliyin qorunması ilə müasir, elmi əsaslara söykənən təhsil modelinin daha sistemli şəkildə uzlaşdırılmasına xidmət edəcək:

"Bu gün rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması yalnız milli dəyərlərin aşılanması ilə məhdudlaşmamalı, eyni zamanda şagirdlərin ümumbəşəri bilik və bacarıqlara yiyələnməsini də təmin etməlidir. Dünyəvilik heç də milli-mənəvi dəyərlərdən uzaqlaşmaq demək deyil. Əksinə, o, təhsil prosesində elmi obyektivliyin, hüquqi bərabərliyin və fərqli dünyagörüşlərinə hörmətin təmin olunmasını nəzərdə tutur. Bu baxımdan millilik və dünyəvilik bir-birinə alternativ deyil, bir-birini tamamlayan prinsiplərdir. Bu yanaşmanın real nəticə verməsi üçün ilk növbədə kurikulumlar və dərsliklər müasir çağırışlara uyğun təkmilləşdirilməlidir. Milli tariximizin, dilimizin və mədəni irsimizin öyrədilməsi ilə yanaşı, tənqidi düşünmə, insan hüquqları, rəqəmsal və media savadlılığı kimi bacarıqların inkişafına daha çox diqqət yetirilməlidir. STEAM təhsilində isə əsas prioritet elmi metodologiya, tədqiqata əsaslanan öyrənmə və faktlara söykənən yanaşma olmalıdır".

Sona Əliyevanın fikrincə, digər vacib məsələ müəllim hazırlığıdır:

"İstənilən islahatın uğuru ilk növbədə müəllimdən asılıdır. Müəllim yalnız bilik verən şəxs deyil, həm də məktəbdə dünyəvi düşüncə mədəniyyətini, qarşılıqlı hörmət və tolerantlıq mühitini formalaşdıran əsas iştirakçıdır. Buna görə də ixtisasartırma proqramlarında müasir pedaqoji metodlara, tənqidi təfəkkürün inkişafına, inklüziv təhsil mühitinin yaradılmasına və sinifdə peşəkar neytrallığın qorunmasına daha geniş yer ayrılmalıdır. Bununla yanaşı, qiymətləndirmə sistemi də müasir yanaşmalara uyğun təkmilləşdirilməlidir. Şagirdlərin yalnız faktoloji bilikləri deyil, analitik düşünmə, problem həll etmə, arqumentlərini əsaslandırma və yaradıcı yanaşma bacarıqları da qiymətləndirmə meyarlarında öz əksini tapmalıdır. Həmçinin, müasir təhsil artıq rəqəmsal transformasiyadan kənarda təsəvvür edilə bilməz. Ona görə də süni intellekt, data savadlılığı və rəqəmsal texnologiyalardan etik və məsuliyyətli istifadə bacarıqlarının tədris prosesinə inteqrasiyası gələcəyin əmək bazarına uyğun insan kapitalının hazırlanması baxımından xüsusi əhəmiyyət daşıyır".

Əməkdar müəllim hesab edir ki, bu prinsiplərin qanunvericilikdə təsbit olunması vacib addımdır:

"Ancaq əsas məsələ onların praktikada necə tətbiq ediləcəyidir. Hüquqi norma yalnız effektiv icra mexanizmləri, güclü müəllim hazırlığı, müasir tədris məzmunu və davamlı monitorinq ilə müşayiət olunduğu halda təhsilin keyfiyyətinə real təsir göstərə bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən