MİQ imtahanının tarixi nə vaxt bilinəcək? - AÇIQLAMA
"Müəllimliyə namizədlər müəllimlərin işə qəbulu (MİQ) imtahanının vaxtı ilə bağlı xüsusi narahatlıq keçirirlər və bu, başa düşüləndir".
Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli dedi.
Həmsöhbətimiz vurğuladı ki, bu gün müəllimlər arasında ödənişlə bağlı bir narazılıq da var:

"Milli Məclisin qəbul etdiyi qərara görə, artıq bir qisim müəllimlər, xüsusilə aztəminatlı və şəhid ailələri, yəni ilk dəfə imtahan verənlər ödənişlərdən azaddırlar. Ancaq indi qeydiyyatdan keçənlərin hər biri üçün ödəniş tələbi qoyulur. Bu, müəyyən çaşqınlıq yaradıb. Əslində, burada Elm və Təhsil Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə işləməli idi. Çünki artıq Sosial Müdafiə Nazirliyi bilir ki, kimlər hansı həssas kateqoriyaya aid insanlardır. Əlbəttə ki, təlimata görə, ən azı heç olmasa bir ay əvvəl müəllimliyə namizədlərin xəbəri olmalıdır. İyulun 1-i və 8-i imtahanın keçiriləcəyi məsələsi gündəmə gələndən sonra artıq namizədlərdə xüsusi hazırlıq təşəbbüsü başladı. Hazırda vaxtın bilinməməsi gələcəkdə müəllim olmaq iddiasında olanlar üçün xüsusi narahatlıq yaradıb. Yəqin ki, bu narahatlıqdan bu işin təşkilatçılarının da xəbəri var. Güman ki, yaxın günlərdə bu məsələyə bir aydınlıq gətiriləcək".
Aytəkin TOFİQQIZI













