"Monitoruma 50+ yazıb yapışdırmışdım" - Sertifikasiyadan yüksək bal toplayan müəllim

 14:36 09.07.2026     2170

"Dərslərimi həmişə şagirdlərin maraqlarına uyğun qurmağa çalışıram. Mövzuları onların gündəlik həyatda gördükləri, maraq göstərdikləri təsvirlər və rəsmlərlə əlaqələndirirəm. Daha çox tanış olduqları mövzular əsasında rəsmlər çəkdirirəm ki, dərs onlar üçün həm maraqlı, həm də anlaşıqlı olsun. Çalışıram ki, şagirdyönümlü dərslər keçim, onların fikirlərinə, maraq dairələrinə üstünlük verim. Bununla həm diqqətlərini cəlb edir, həm də dərsin daha səmərəli keçməsinə nail oluram".

Bu sözləri Redaktor.az-a sertifikasiya imtahanından 54 bal yığan Sabirabad rayon Yolçubəyli kənd tam orta ümumtəhsil məktəbin təsviri incəsənət müəllimi Noğul Qədimova bildirdi.

Müsahibimiz hesab edir ki, müəllim daim öz üzərində işləməli, yenilikləri izləməli, araşdırmalı və öyrəndiklərini dərslərində tətbiq etməlidir:

"Müasir yanaşmaları dərs prosesinə gətirmək həm müəllimin peşəkar inkişafı, həm də şagirdlərin dərsə marağının artması baxımından vacibdir. Mən də hər zaman çalışmışam ki, dərslərim müasir, maraqlı və şagirdlərin inkişafına xidmət edən məzmunda olsun".

Müəllim həmçinin sertifikasiya imtahanının önəmindən də danışdı:

"Sertifikasiya imtahanının əhəmiyyətini yüksək qiymətləndirirəm. Bu proses müəllimi öz üzərində daha çox işləməyə, daha ciddi hazırlaşmağa sövq edir. Müəllim daha çox oxuyur, araşdırır, biliklərini yeniləyir və peşəsinə qarşı məsuliyyət hissi daha da artır. Eyni zamanda bu imtahan müəllim üçün özünü yoxlamaq, bilik və bacarıqlarını qiymətləndirmək baxımından da mühüm bir sınaqdır. İmtahana daxil olanda monitorun kənarına kiçik bir kağız yapışdırıb üzərinə "50+" yazmışdım. Məqsədim sadəcə keçmək yox, yüksək nəticə əldə etmək idi. Özümə inanırdım və uğur qazanacağıma əmin idim. Hətta bu yazı nəzarətçilərin də diqqətini çəkmişdi. Sonra "Bismillah" deyib imtahana başladım".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən