"Uşaqları 2 yaşdan əvvəl bağçaya göndərməyin" - Mütəxəssisdən valideynlərə vacib TÖVSİYƏLƏR
Xəbər verdiyimiz kimi, bağçalara, yəni məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi artıq "mygov" platforması üzərindən həyata keçirilir.
Valideynlər övladlarını artıq 2 yaşından etibarən bağçaya göndərməyə başlayırlar. Bəs uşağın bağçaya getməsi nə dərəcədə vacibdir? Bu, onun fiziki, psixoloji və sosial inkişafına necə təsir göstərir? Uşağın bağçaya hansı yaşdan başlaması daha məqsədəuyğundur? Bu prosesdə valideynlər nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis, "Valideyn Məktəbi"nin təsisçisi Aysel Rəsulzadə bildirdi ki, bağçaya getmək uşağın inkişafı baxımından olduqca vacib mərhələdir:
"Uşaq evdə valideynlərinin yanında sağlam mühitdə böyüsə, sosiallaşsa və inkişafetdirici fəaliyyətlərlə məşğul olsa da, bağça ona ailədən kənarda yeni bacarıqlar qazanmaq imkanı yaradır. Burada uşaq ilk dəfə ailədən ayrı qalmağa öyrəşir ki, bu da gələcəkdə məktəbə uyğunlaşmasını xeyli asanlaşdırır. Bağçada uşaq sosiallaşır, növbə gözləməyi, paylaşmağı, qaydalara əməl etməyi və yaşıdları ilə sağlam ünsiyyət qurmağı öyrənir. Ev şəraitində valideynlər bəzən məişət qayğıları səbəbindən uşağa kifayət qədər vaxt ayıra bilmirlər və uşaq daha çox telefona yönəlir. Bağçada isə telefondan istifadə olunmadığı üçün uşaqlar həm yaşıdları, həm də müəllim və tərbiyəçilərlə canlı ünsiyyət qururlar. Bu mühit onlara münaqişələri həll etməyi, komanda şəklində davranmağı və hər zaman özlərini haqlı çıxarmağa çalışmamağı öyrədir. Bununla yanaşı, bağça uşağın diqqətinin, müstəqilliyinin, məsuliyyət hissinin formalaşmasına, nitqinin inkişafına və özünü ifadə etmə bacarığının güclənməsinə müsbət təsir göstərir".

Müsahibimiz uşaqların neçə yaşdan bağçaya getməsinin daha məqsədəuyğun olduğuna da toxundu:
"Uşağın bağçaya hansı yaşda getməsi məsələsinə gəldikdə isə, iki yaşdan əvvəl bağçaya göndərilməsi tövsiyə olunmur. Çünki bu dövrdə uşaqla ailə, xüsusilə də ana arasında emosional bağların möhkəmlənməsi vacibdir. Əgər bu bağlar kifayət qədər formalaşmayıbsa, uşaq sonradan bağçaya və ya məktəbə gedərkən ayrılıq narahatlığı yaşayır, yeni mühitə uyğunlaşmaqda çətinlik çəkir. Fikrimcə, uşaqlar təxminən üç yaşdan etibarən bağçaya psixoloji cəhətdən daha hazır olurlar. Bu yaşda onların nitqi daha yaxşı inkişaf edir, emosiyalarını ifadə etmək bacarığı artır, yaşıdları ilə oyun oynamağa maraqları çoxalır və valideynlərindən ayrılmaq onlar üçün nisbətən asan olur. Bununla belə, hər uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Bəzi uşaqlar yeni mühitə tez uyğunlaşdıqları halda, digərlərinin adaptasiya prosesi daha uzun çəkə bilər. Bu mərhələdə valideynlərin rolu xüsusi əhəmiyyət daşıyır. Valideyn bağça haqqında uşağın zehnində müsbət təsəvvür formalaşdırmalı, ona kifayət qədər sevgi və diqqət göstərməlidir. Uşaq emosional baxımdan özünü güvəndə hiss etdikdə, bağçaya uyğunlaşması da daha rahat olur".
Aysel Rəsulzadə hesab edir ki, valideyn uşağı bağçaya hazırlayarkən onunla dürüst danışmalıdır:
"Məsələn, "mən buradayam, heç yerə getmirəm" deyib sonra gizlicə ayrılmaq uşağın valideynə olan etibarını sarsıda və bağçaya qarşı mənfi münasibət yarada bilər. Bunun əvəzinə, "mən indi işə gedirəm, günün sonunda gəlib səni aparacağam" və ya "evdə işlərimi görəcəyəm, sonra birlikdə vaxt keçirəcəyik" kimi açıq və səmimi izahlar vermək daha doğru yanaşmadır. Bağçaya adaptasiyanın ilk günlərində müəyyən çətinliklərin yaşanması normaldır. Valideyn bu dövrdə səbirli davranmalı, uşağın hisslərini nəzərə almalı və onu emosional cəhətdən dəstəkləməlidir. Nəticə etibarilə, doğru seçilmiş və sağlam mühitə malik bağça uşağın uşaqlığını əlindən almır, əksinə, onu daha zəngin və faydalı təcrübələrlə zənginləşdirir. Burada əsas məsələ uşağın neçə yaşında bağçaya başlaması deyil, onun özünü həmin mühitdə təhlükəsiz, dəyərli və xoşbəxt hiss etməsidir. Bunun üçün isə valideynlərin bağça seçiminə məsuliyyətlə yanaşması və uşağı bu mərhələyə emosional cəhətdən düzgün hazırlaması böyük əhəmiyyət daşıyır."
NURİYYƏ













