Universitetlərdə süni intellekt fənni məcburi olmalıdır? - AÇIQLAMA

 18:46 10.07.2026     882

"Süni intellekt artıq gələcəyin texnologiyası deyil, bu günün reallığıdır. Dünyada baş verən texnoloji transformasiya iqtisadiyyatı, səhiyyəni, hüququ, mühəndisliyi və təhsili, ümumilikdə isə əmək bazarını sürətlə dəyişdirir. Bu dəyişikliklər fonunda ali təhsil müəssisələrinin də öz kurikulumlarını yenidən nəzərdən keçirməsi və tələbələri yeni dövrün tələblərinə uyğun hazırlaması zərurətə çevrilib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Rasim Həsənzadə səsləndirdi.

Mütəxəssisin fikrincə, süni intellekt üzrə baza biliklərinin bütün universitetlərdə və bütün ixtisaslarda tədris olunması məqsədəuyğundur:

"Lakin burada vacib məqam ondan ibarətdir ki, bütün tələbələrə eyni məzmunun öyrədilməsi doğru yanaşma olmaz. Əsas məqsəd hər bir ixtisasın xüsusiyyətlərinə uyğun şəkildə süni intellekt savadlılığının formalaşdırılmasıdır.

Məsələn, tibb tələbəsi süni intellektin diaqnostika, tibbi görüntülərin təhlili və klinik qərarqəbuletmə prosesində rolunu anlamalıdır. Hüquq tələbəsi süni intellekt sistemlərinin hüquqi məsuliyyəti, etik aspektləri və rəqəmsal hüquq məsələləri ilə tanış olmalıdır. Pedaqoji ixtisaslarda təhsil alan tələbələr süni intellektdən dərsin planlaşdırılması, qiymətləndirilməsi və tədris resurslarının hazırlanmasında səmərəli istifadə etməyi öyrənməlidirlər. İqtisadiyyat, idarəetmə və biznes sahələrində isə süni intellekt əsaslı analitika, qərarqəbuletmə və rəqəmsal transformasiya bacarıqları ön plana çıxır. Mühəndislik və kompüter elmlərində təhsil alanlar üçün isə alqoritmlərin hazırlanması, maşın öyrənməsi və süni intellekt modellərinin inkişafı üzrə daha dərin biliklər vacibdir.

Bu gün artıq süni intellektdən istifadə etməyi bacarmaq kompüterdən istifadə etmək qədər fundamental bacarıqlardan birinə çevrilir. Necə ki, illər əvvəl rəqəmsal savadlılıq hər bir mütəxəssis üçün vacib hesab olunurdu, yaxın gələcəkdə süni intellekt savadlılığı da eyni statusu qazanacaq. Məzunlardan yalnız peşə bilikləri deyil, həm də süni intellekt alətlərindən təhlükəsiz, etik və məhsuldar şəkildə istifadə bacarığı tələb olunacaq".

Müsahibimiz qeyd etdi ki, bununla yanaşı, universitetlər yalnız texnologiyanın imkanlarını deyil, onun məhdudiyyətlərini də öyrətməlidirlər:

"Süni intellekt heç də hər zaman düzgün nəticə təqdim etmir. O, yanlış məlumat yarada, qərəzli nəticələr verə və ya mövcud məlumatları səhv interpretasiya edə bilər. Buna görə də tələbələrdə tənqidi düşüncə, mənbələrin yoxlanılması, etik prinsiplərə riayət olunması və akademik dürüstlük kimi kompetensiyalar paralel şəkildə inkişaf etdirilməlidir. Əks halda, biz texnologiyadan səmərəli istifadə edən mütəxəssislər deyil, ondan tam asılı olan insanlar yetişdirə bilərik".

Ekspert hesab edir ki, ali təhsil müəssisələri süni intellekti ayrıca bir fənn kimi deyil, kurikulumun müxtəlif komponentlərinə inteqrasiya edilmiş şəkildə tədris etməlidirlər:

"Bunun üçün ilk mərhələdə bütün tələbələr üçün Sİ savadlılığı üzrə ümumi baza modulu tətbiq oluna, növbəti mərhələdə isə hər ixtisas üzrə sahəyə uyğun xüsusi məzmun hazırlanmalıdır. Bu yanaşma həm beynəlxalq təcrübəyə uyğundur, həm də universitet məzunlarının gələcək əmək bazarında daha rəqabətqabiliyyətli olmasına şərait yaradar.

Dünyanın aparıcı universitetləri artıq bu istiqamətdə ciddi addımlar atırlar. Onlar tələbələrə yalnız süni intellektdən istifadə etməyi deyil, eyni zamanda, bu texnologiyanın etik, hüquqi və sosial təsirlərini dərk etməyi də öyrədirlər. Hesab edirəm ki, Azərbaycan universitetləri də bu transformasiyadan kənarda qalmamalı, süni intellekti tədris prosesinin ayrılmaz hissəsinə çevirməlidirlər.

Gələcəyin əmək bazarında uğur qazanacaq mütəxəssislər yalnız öz peşəsini yaxşı bilənlər deyil, həm də süni intellektdən peşəkar, məsuliyyətli və yaradıcı şəkildə istifadə etməyi bacaran insanlar olacaq. Məhz buna görə də universitetlərin əsas missiyası tələbələrə sadəcə diplom vermək deyil, onları sürətlə dəyişən texnoloji dünyaya hazırlamaqdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən