MİQ imtahanlarında süni intellekt: Müsahibələri və testləri necə dəyişəcək? - AÇIQLAMA 

 18:36 10.07.2026     490

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında süni intellektdən istifadə məsələsinə toxunub:

“Süni intellektin MİQ-də istifadə olunması, müəllimlərin süni intellekt biliklərinin yoxlanması ilə bağlı məsələ kifayət qədər aktualdır. İlkin mərhələdə bu istiqamətdə yeniliklərin informatika müəllimləri üzrə tətbiqi məqsədəmüvafiqdir, sonradan isə digər fənləri də əhatə edə bilər", – deyə o bildirib.

Şöbə müdirinin sözlərinə görə, gələcəkdə süni intellekt alətlərindən müsahibə mərhələsində, daha sonra isə test imtahanı mərhələsində, hətta sualların seçimi prosesində istifadə olunması da istisna edilmir.

MİQ imtahanlarında müsahibə, test imtahanı və sualların seçimində süni intellekt necə istifadə oluna bilər?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, bütövlükdə Azərbaycan təhsil sisteminin rəqəmsallaşdırılması və qlobal trendlərə uyğunlaşması baxımından yeni innovasiyaların tətbiqi çox önəmlidir:

"Müəllimlərin işə qəbulu imtahanlarında süni intellektin düzgün tətbiqi ümumi işin xeyrinə dəyərləndirilməlidir. Bu, bütövlükdə prosesin şəffaflığını, obyektivliyini və səmərəliliyini, əlbəttə ki, düzgün istifadə olunarsa, artıra bilər. Müsahibə mərhələsində süni intellektin tətbiqindən başlayaq. Düşünürəm ki, bu, çox önəmlidir. Müsahibə mərhələsi subyektivliyin ən yüksək ola biləcəyi hissədir. Çünki burada süni intellekt köməkçi və ya qiymətləndirici rolunda çıxış edə bilər. Süni intellekt alətləri namizədin cavablarındakı məntiqi ardıcıllığı, söz ehtiyatını və stressə davamlılıq səviyyəsini səs tonu və ya mimikalar vasitəsilə analiz edə bilər. Eyni zamanda, müəllimə verilən situasiya suallarına verilən cavablar süni intellekt tərəfindən böyük verilənlər bazasındakı ən uğurlu pedaqoji modellərlə müqayisə edilərək dəyərləndirilə bilər. Eyni zamanda, şəffaflığın təmini baxımından da biz bunu qiymətləndirməliyik. İnsan faktorunun rəyi ilə süni intellektin gəldiyi nəticə çarpaz yoxlanaraq müsahibədə qərəzlilik riski sıfıra endirilə bilər".

İ.Orucov vurğuladı ki, test imtahanı mərhələsində süni intellektin tətbiqi də mümkündür:

"Test mərhələsində süni intellekt imtahanın idarə edilməsi və namizədin real potensialının üzə çıxarılmasında xeyli müsbət dəyişikliklər gətirə bilər. Süni intellektin hər namizədin fərdi bilik səviyyəsinə uyğunlaşan test təşkil etmək imkanı var. Namizəd suala düzgün cavab verdikdə növbəti sual daha çətin, səhv cavab verdikdə isə daha asan olur. Bu, müəllimin real bilik limitini daha dəqiqliklə ölçə bilər. Onlayn və ya kompüter mərkəzli imtahanlarda süni intellekt namizədin köçürmə cəhdlərini, baxış istiqamətini, eyni zamanda ekrandan yayınma hallarını real vaxtda aşkarlayaraq qayda pozuntularının qarşısını almaq imkanına malikdir. İmtahan suallarının sızması və ya keyfiyyətsiz olması riskini aradan qaldırmaq üçün də süni intellekt ən doğru köməkçi ola bilər. Süni intellekt təhsil kurikulumunu analiz edərək standartlara tam uyğun, lakin unikal olan minlərlə yeni sual hazırlaya bilər. Bu da sualların təkrarlanmasının qarşısını ala bilər. Həmçinin süni intellekt hər bir imtahan variantında çətinlik dərəcəsinin, mövzu paylanmasının və taksonomik səviyyələrin riyazi olaraq tam bərabər paylanmasını təmin edir. Belə olduğu təqdirdə, heç bir namizədə digərindən daha asan və ya çətin variant düşmür".

Müsahibimiz hesab edir ki, ilkin mərhələdə bu tətbiqin informatika müəllimləri üzərində başlanması ideyası bütövlükdə çox doğru yanaşmadır:

"Çünki informatika müəllimləri digər həmkarlarından fərqli olaraq texnoloji alətlərlə işləməyə, rəqəmsallığa tam hazırdırlar. Bu sahədə yarana biləcək ilkin texniki xətalar və ya rəylər hədəf kütləmiz tərəfindən daha tez anlaşılacaq və sistemin təkmilləşdirilməsinə kömək edə bilər.

Əlbəttə ki, burada risklər mümkündür və hesab edirəm ki, diqqət edilməli bir çox məqam da nəzərə alınmalıdır. Süni intellekt modelləri insan tərəfindən öyrədildiyi üçün, tutaq ki, yerli dilin dialektlərinə və ya aksentlərinə qarşı qərəzli ola bilər. Burada nəzərə almaq lazımdır ki, Azərbaycanın fərqli bölgələrində fərqli dialektlər və aksentlərdən istifadə olunur və bu süni intellekt modelləri Azərbaycan dilinin xüsusiyyətlərinə tam adaptasiya edilməlidir. Namizədlərin biometrik məlumatlarının və səslərinin süni intellekt tərəfindən işlənməsi üçün hüquqi baza mütləq şəkildə mükəmməl işlənilməlidir. Eyni zamanda, süni intellekt yekun qərarverici olmamalıdır. Yalnız tövsiyəedici və ya köməkçi rolunda çıxış etməlidir. Son qərar bu prosesdə ekspert komissiyası tərəfindən verilməlidir.

Ümumilikdə, təşəbbüsü Azərbaycan təhsilində daha doğru seçim baxımından və imtahan prosesində ictimai etibarı artırmaq baxımından, gələcək müəllimlərin rəqəmsal savadlılıq trendləri ilə birbaşa ayaqlaşması baxımından çox müsbət addım hesab edirəm. Bütövlükdə biz istəsək də, istəməsək də, hesab edirəm ki, yeniliklərin bir çoxu məhz rəqəmsallaşma ilə, onun doğru tətbiqi ilə bağlı olacaq, onun imkanlarının düzgün qiymətləndirilməsindən asılı olacaq. Və əgər bu, ümumi işimizə, həm də imtahanların şəffaf, effektiv keçirilməsinə, həmçinin bütövlükdə prosesə yenilik gətirmək, obyektivliyin təmin olunması baxımından faydalı olacaqsa, təbii ki, biz ondan istifadə etməliyik. Düşünürəm ki, məhz agentliyin yanaşmasında əsas məqsəd də budur. Bütövlükdə obyektivliyin, şəffaflığın və səmərəliliyin artırılması hədəflənəcək. Təbii ki, bunun nəticələrini görəcəyik. Ümumi məqsəd müəllimlərin bilik və bacarıqlarının daha düzgün qiymətləndirilməsi və ümumilikdə təhsilimiz naminə olan münasibətdən irəli gəlir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən