Universitetlər MİQ-in tələb etdiyi müəllimi hazırlamır - AÇIQLAMA 

 13:02 13.07.2026     2516

"Müəllimlərin işə qəbulu (MİQ) imtahanları ölkəmizdə bütün sahələr üzrə ən rəqabətli işə qəbul mexanizmlərindən biri hesab olunur. Əvvəlki illərdə bu prosesə qoşulan namizədlərin sayı 50 mini keçirdisə, bu il imtahanda iştirak üçün tələb olunan 60 manat ödənişin təsiri ilə namizəd sayının təxminən 10 min nəfər azalaraq 40 minə düşdüyü müşahidə olunur. Bu statistika bir tərəfdən MİQ-ə marağın yüksək olaraq qaldığını göstərsə də, digər tərəfdən ödəniş məsələsinin namizədlərin iştirak imkanlarına təsir etdiyini ortaya qoyur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə səsləndirdi.

"Etiraf etmək lazımdır ki, MİQ imtahanlarının tətbiqindən sonra müəllimlərin işə qəbulu prosesi böyük ölçüdə şəffaflaşıb. Hamıya məlumdur ki, MİQ-dən əvvəlki dövrdə müəllimlərin işə qəbulunda bir çox hallarda rüşvət, tanışlıq və qeyri-obyektiv seçim meyarları mühüm rol oynayırdı. Məhz mərkəzləşdirilmiş imtahan mexanizminin tətbiqi nəticəsində bu cür halların qarşısı böyük ölçüdə alındı və müəllim olmaq istəyən namizədlər üçün daha ədalətli rəqabət mühiti formalaşdı".

O qeyd etdi ki, bu gün MİQ sistemi sayəsində müəllimlərin işə qəbulu prosesində şəffaflıq və obyektivlik əvvəlki dövrlərlə müqayisədə xeyli artıb.

"MİQ-in digər mühüm üstünlüyü ondan ibarətdir ki, bu imtahan müəllim olmaq istəyən şəxslərdən həm fənn biliklərini, həm də kurikulum və təlim strategiyaları ilə bağlı nəzəri hazırlığı yüksək səviyyədə mənimsəməyi tələb edir. Başqa sözlə, MİQ müəllim namizədlərini ciddi hazırlığa sövq edir və onların peşəkar bilik bazasının formalaşmasına müəyyən dərəcədə təkan verir. Bu baxımdan, MİQ sisteminin müsbət tərəfləri kifayət qədərdir və onlar ayrıca geniş təhlil mövzusudur.

Lakin bütün bu müsbət tərəflərlə yanaşı, MİQ imtahanlarının müəyyən çatışmayan cəhətləri də mövcuddur. İlk növbədə qeyd edilməlidir ki, bu gün pedaqoji kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrində müəllim hazırlığı müasir dövrün tələblərinə tam şəkildə cavab vermir. Faktiki olaraq, universitetlərdə dörd il ərzində tələbələrə verilən bilik və bacarıqlarla MİQ imtahanında tələb olunan kompetensiyalar arasında müəyyən uyğunsuzluq müşahidə olunur. Bundan əlavə, müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin pedaqoji təcrübə müddətinin əsasən son aylara saxlanılması onların praktik hazırlığının zəif qalmasına səbəb olur".

Ekspertin fikrincə, gənc müəllimlər nəzəri cəhətdən müəyyən baza qazansalar da, real sinif mühitində işləmək üçün zəruri olan praktik bacarıqları kifayət qədər mənimsəyə bilmirlər.

"MİQ imtahanlarının ikinci mühüm problemi isə ondan ibarətdir ki, bu proses buraxılış və qəbul imtahanlarında olduğu kimi, daha çox nəzəri biliklərin yoxlanmasına əsaslanır. Mövcud model praktik müəllimlik bacarıqlarını ölçməkdən daha çox namizədin məlumatı yadda saxlaması, kurikulum müddəalarını əzbər bilməsi və test formatında düzgün cavab verməsi üzərində qurulub. Hətta müsahibə mərhələsində belə, bir çox hallarda namizədin real dərs aparmaq, sinfi idarə etmək, şagirdlə fərdi yanaşma qurmaq, valideynlə kommunikasiya yaratmaq kimi praktik kompetensiyalarından daha çox onun kurikulum və metodika üzrə nəzəri hazırlığı ön plana çıxır.

Bu isə son nəticədə paradoksal bir vəziyyət yaradır: imtahandan yüksək nəticə ilə keçən namizəd məktəbə müəllim kimi qəbul olunduqdan sonra sinif daxilində ciddi çətinliklərlə üzləşə bilir. Xüsusilə müəllimlik fəaliyyətinin ilk illərində sinfin idarə olunması, fərqli səviyyədə olan şagirdlərlə işin qurulması, davranış problemlərinin tənzimlənməsi və təlim nəticələrinin əldə olunması istiqamətində çətinliklər meydana çıxır. Yəni namizəd imtahanda uğur qazansa da, bu, hər zaman onun sinifdə eyni dərəcədə uğurlu müəllim olacağı anlamına gəlmir".

Müsahibimiz məsələ ilə bağlı şəxsi təcrübəsindən nümunə gətirdi:

"Mən 2020-ci ildə müəllimlərin işə qəbulu imtahanında 57/60 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərən namizədlərdən biri olmuşdum. Eyni zamanda, müsahibə mərhələsində də mümkün 15 baldan 15 bal toplamışdım. Lakin buna baxmayaraq, müəllimlik fəaliyyətimin ilk illərində sinfin idarə olunması və şagirdlərlə praktik işin qurulması baxımından müəyyən çətinliklərlə qarşılaşmışdım. Bu fakt onu göstərir ki, yüksək imtahan nəticəsi hər zaman yüksək praktik müəllimlik bacarığı demək deyil. Xüsusilə də gənc müəllimlər, o cümlədən xanım müəllimlər məktəb mühitinə ilk daxil olduqları dövrdə sinif idarəçiliyi baxımından daha çox çətinlik yaşayırlar. Bunun əsas səbəblərindən biri isə həmin bacarıqların ali təhsil dövründə kifayət qədər sistemli şəkildə formalaşdırılmamasıdır".

Müəllim bildirdi ki, MİQ sistemi ilə bağlı diqqət çəkən digər problem vakansiya seçimi ilə bağlıdır:

"Bir çox hallarda namizədlər yaşadıqları əraziyə uyğun vakansiya tapa bilmədikləri üçün uzaq məsafədə yerləşən məktəbləri seçmək məcburiyyətində qalırlar. Bu isə həm vaxt itkisinə, həm nəqliyyat xərclərinin artmasına, həm də müəllimin gündəlik iş yükünün ağırlaşmasına səbəb olur. Xüsusilə regionlarda və ya şəhərdən kənar ərazilərdə çalışan müəllimlər üçün bu problem daha qabarıq şəkildə özünü göstərir. Nəticədə müəllimin enerjisinin və vaxtının əhəmiyyətli hissəsi tədris prosesinə deyil, yol və logistika məsələlərinə sərf olunur.

Bütün bunları nəzərə alaraq demək olar ki, MİQ imtahanları müəllimlərin işə qəbulunda şəffaflığın təmin olunması baxımından son dərəcə mühüm və zəruri mexanizmdir. Lakin sistemin daha da təkmilləşdirilməsi üçün bir sıra addımların atılmasına ehtiyac var. İlk növbədə ali təhsil müəssisələrində müəllim hazırlığı proqramları yenilənməli, praktik pedaqoji hazırlığın müddəti və keyfiyyəti artırılmalıdır. Eyni zamanda, MİQ imtahanlarında və xüsusilə müsahibə mərhələsində namizədlərin yalnız nəzəri bilikləri deyil, real sinif idarəetməsi, dərsin planlaşdırılması, kommunikasiya və problem həll etmə bacarıqları da daha obyektiv şəkildə qiymətləndirilməlidir. Bundan başqa, müəllimlərin vakansiya seçimi zamanı coğrafi əlçatanlıq məsələsi də diqqətdə saxlanmalı, onların yaşayış yerinə uyğun iş imkanlarına çıxışı genişləndirilməlidir. Yalnız bu halda MİQ sistemi təkcə şəffaf və ədalətli seçim mexanizmi kimi deyil, eyni zamanda məktəblərə həm nəzəri, həm də praktik baxımdan hazır müəllimlərin cəlb olunmasına xidmət edən daha güclü modelə çevrilə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən