MİQ imtahanı ali təhsil müəssisələrinin özündə təşkil edilsin - TƏKLİF

 16:42 13.07.2026     836

"Ümumiyyətlə, hər il müəllimlərin işə qəbulu (MİQ) imtahanı həm ibtidai sinif müəllimləri, həm də digər fənlər üzrə müəllim namizədləri üçün keçirilir. Əlbəttə ki, vakansiyaların sayı barədə əvvəlcədən dəqiq məlumat olmur. Lakin yüksək bal toplayan müəllimliyə namizədlər əldə etdikləri nəticələrə uyğun olaraq vakansiyalara müraciət edirlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli səsləndirdi.

O hesab edir ki, MİQ imtahanına hazırlıq prosesi ayrı-ayrı repetitorların yanında keçirilməməlidir:

"Onsuz da həmin repetitorların əksəriyyəti ali təhsil müəssisələrində çalışan müəllimlər və ya uzun illər təcrübə toplamış ümumtəhsil məktəblərinin rəhbər şəxsləridir. Daha məqsədəuyğun olardı ki, MİQ-ə hazırlıq keçən, gələcək müəllimləri bu imtahana hazırlayan həmin şəxslər pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinə cəlb olunsunlar. Bir zamanlar ali məktəblərdə dövlət imtahanı keçirilirdi və tələbələr onu verərək məzun olurdular".

Ekspert təklif edir ki, MİQ imtahanı da elə ali təhsil müəssisələrinin özündə təşkil edilsin və tələbələr universiteti birbaşa müəllim kimi bitirsinlər:

"Həmin imtahandan uğurla keçə bilməyən şəxslər isə növbəti illərdə müəyyən ödəniş etməklə yenidən ali təhsil müəssisəsində hazırlıq keçə bilərlər. Bu, həm universitetlərin büdcəsinə töhfə verər, həm də həmin şəxslərin bilik və bacarıqlarını artırmasına imkan yaradar. Beləliklə, onlar universiteti bitirdikdən sonra aylarla, hətta illərlə vaxt və əlavə vəsait sərf edib MİQ hazırlığı üçün repetitor axtarmağa məcbur qalmazlar. Amma bugünkü reallıq göstərir ki, ali təhsil müəssisələrini bitirən məzunların hazırlıq səviyyəsi hələ də MİQ imtahanını verərək birbaşa müəllim kimi fəaliyyətə başlamaq üçün kifayət etmir. Buna görə də onlar, demək olar ki, sonuncu kursdan etibarən özlərinə repetitor tapır, hazırlıq keçir və yalnız bundan sonra müəllimlərin işə qəbulu imtahanında uğurlu nəticə əldə edə bilirlər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən