MİQ iştirakçılarına xəbərdarlıq: Vakansiya seçimində bu səhvi etməyin

 12:23 14.07.2026     1363

"Bu il keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirakçıların sayı yenə də mövcud vakant yerlərlə müqayisədə kifayət qədər çoxdur. Bu da müsabiqənin rəqabətli keçəcəyini deməyə əsas verir. Eyni zamanda, məqsədli şəkildə hazırlaşan namizədlərin sayı da çoxdur. Bildiyiniz kimi, bu ildən etibarən MİQ imtahanları ödənişli olduğuna görə, əsasən ciddi hazırlaşan namizədlər müsabiqədə iştirak edəcəklər. Bu isə vakant yerlər üzrə keçid ballarına təsir göstərə bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında MİQ imtahanı haqqında danışan təhsil eksperti Elçin Əfəndi səsləndirdi.

Müsahibimiz namizədlərə öz tövsiyələrini də verdi:

"Onlar çalışsınlar ki, birinci növbədə imtahanda yüksək nəticə əldə etsinlər. İkinci növbədə isə vakant yerlərin seçimi zamanı daha diqqətli olsunlar və vakant yer qazanmaq istəyirlərsə, rəqabətin nisbətən az olduğu məktəb və ya bölgələrə üstünlük versinlər. Fərqi yoxdur, bölgə olsun, yoxsa paytaxt. Çünki paytaxtda vakant yerlər, demək olar ki, az və məhdud saydadır. Yaxşı olar ki, namizədlər bölgələrdə də olsa, əmək fəaliyyətinə başlasınlar. Çünki işə nə qədər gec başlasalar, bu, onların gələcək karyeralarına bir o qədər mənfi təsir göstərə bilər. Əgər bölgələrdə hər hansı vakant yer üzrə işləmək imkanı varsa, məqsədəuyğun olar ki, həmin vakansiyanı seçərək əmək fəaliyyətinə başlasınlar. Bu, onların gələcək karyera inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, sonradan yerdəyişmə etmək istəsələr, bu imkandan yararlana bilərlər. Həmçinin sertifikasiya nəticələri bir neçə ildən sonra uğurlu olarsa, daha fərqli təhsil müəssisələrində və ya istiqamətlərdə fəaliyyətlərini davam etdirmək imkanları da olacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən