"Ötən il rayon təklif olundu, imtina etdim" - MİQ-də 70 bal TOPLADI

 12:32 14.07.2026     1195

"İmtahan nə çox asan, nə də çox çətin keçdi, yaxşı hazırlaşanlar daha yüksək bal toplaya bilər".

Redaktor.az xəbər verir ki, bu sözləri MİQ imtahanında 70.25 bal toplayan namizəd azedu.az-a açıqlamasında bildirib.

"Qazax rayonundan gəlmişəm. Bakı Dövlət Universitetinin Qazax filialını riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə bitirmişəm. Hazırda müəllim kimi fəaliyyət göstərmirəm, magistr təhsilim də yoxdur.

Bu il MİQ imtahanında informatika fənni üzrə iştirak etdim və 70.25 bal topladım. Bu nəticə ilə Bakı istiqamətində yerləşəcəyimə ümid edirəm. İmtahan sualları mənim fikrimcə orta səviyyədə idi. 

Nə çox asan idi, nə də həddindən artıq çətin. Həm ixtisas, həm də kurikulum sualları normal hazırlanmışdı. Əlbəttə, hər kəsin hazırlıq səviyyəsi fərqlidir. Yaxşı hazırlaşan namizədlər daha yüksək nəticə əldə edə bilərdilər.

Bu, MİQ-də ikinci iştirakımdır. Ötən il 54 bal toplamışdım və vakansiya seçimi zamanı rayonlardan birinə yerləşdirilmişdim. Lakin həmin yerdə işləmək istəmədiyim üçün imtina etdim. Bu ilki nəticəmdən razıyam və ümid edirəm ki, istədiyim məktəbdə müəllim kimi fəaliyyətə başlayacağam. Bütün imtahan iştirakçılarına da uğurlar arzulayıram".

Vumart və Güvən reklamı Vumart Güvən